ADA Universitetinin və XİN-in birgə təşkilatçılığı ilə keçirilən bu ilin ilk “Xarici Siyasət Proqramı” başa çatıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ADA Universitetinin və XİN-in birgə təşkilatçılığı ilə keçirilən bu ilin ilk “Xarici Siyasət Proqramı” başa çatıb

Bakı, 31 may, AZƏRTAC

ADA Universitetinin və Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə keçirilən, cari il üçün nəzərdə tutulmuş ilk “Xarici Siyasət Proqramı” başa çatıb.

AZƏRTAC xəbər verir ki, proqramda ortarütbəli diplomatlar, birinci, ikinci katiblər və şöbə müdirlərindən ibarət 19 XİN əməkdaşı iştirak edib.

Proqramın həm nəzəri, həm də praktiki bacarıqların qazanılmasına yönəlmiş təlimləri çərçivəsində iştirakçılar 10 bilavasitə bilik əsaslı və 5 praktika əsaslı sessiyalarda iştirak ediblər.

Bilik əsaslı sessiyalarda rəqəmsal, iqtisadi, ictimai və mədəni diplomatiya, enerji və ətraf mühit diplomatiyası kimi mövzulara toxunulub. Həmçinin beynəlxalq humanitar hüquq, insan hüquqları, geosiyasət, müasir qlobal iqtisadi trendlər və diplomatik protokol kimi mövzular da sessiyalar zamanı əhatə olunub.

Praktika əsaslı sessiyalarda isə diplomatik danışıqların aparılması, siyasi analiz, ictimaiyyət qarşısında çıxış, tədbir və layihələrin idarə edilməsi mövzuları tədris edilib.

Proqramın bu gün baş tutan bağlanış mərasimində ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə və onun müşaviri Aygün Hacıyeva iştirakçılara sertifikatlar təqdim edib, onlara şərəfli peşələrində və diplomatik fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, proqram çərçivəsində əhatə edilən mövzular ADA Universitetinin professor-müəllim heyəti, habelə, millət vəkilləri, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yüksək səlahiyyətli rəsmiləri və ölkəmizin İrandakı səfiri, beyin mərkəzlərinin və ictimai qurumların nümayəndələri tərəfindən tədris edilib.

Çıxışçılar iştirakçıları regiondakı vəziyyət, xüsusilə də Qarabağın işğaldan azad olunması ilə regionun geosiyasi görünüşü, eləcə də dünyada gedən qlobal proseslər fonunda özünü büruzə verən çağırışlar barədə məlumatlandırıblar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top