Azərbaycanın əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər Bolqarıstan mediasında geniş işıqlandırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər Bolqarıstan mediasında geniş işıqlandırılıb

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycanın milli maraqlar, mehriban qonşuluq və qarşılıqlı hörmət üzərində qurduğu və həyata keçirdiyi xarici siyasət kursu və onun nəticəsində əldə etdiyi yüksək nailiyyətlər, habelə ölkənin beynəlxalq aləmdə getdikcə daha çox artan rolunu əks etdirən “Azərbaycan: mehriban qonşuluq uğur və inkişafın zəmanəti kimi” sərlövhəli məlumat Bolqarıstan mediasında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yayılan məlumatda qonşu və regional dövlətlər, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan və Rumıniya ilə ahəngdar münasibətlər qurmuş və özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycanın bölgənin ən aparıcı nəqliyyat və logistika mərkəzinə çevrildiyi, 20 ilə yaxın müddət ərzində davamlı və təhlükəsiz şəkildə Avropa bazarını enerji resursları ilə təmin etdiyi, beynəlxalq əhəmiyyətə malik iri miqyaslı layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi, həmçinin geniş Qara dəniz-Xəzər dənizi bölgəsində davamlı sülhün, sabitliyin və rifahın təmin olunmasında səylər göstərdiyi bildirilir.

Bolqarıstanın Kütləvi İnformasiya Vasitələrində “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən səmərəli keçməsi məqsədilə ölkənin bütün nəqliyyat və logistika infrastrukturunun sürətli templə inkişaf etdirilməsi, günü-gündən artan tranzit daşımaları və yük mübadiləsinin təmin edilməsi məqsədilə Bakının Avrasiya məkanında vacib nəqliyyat qovşağı kimi çıxış etdiyi qeyd edilir.

Məlumatda həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cənub-Şərqi və Mərkəzi Avropada həyata keçirdiyi səmərəli və uğurlu fəaliyyəti haqqında da bəhs edilir və SOCAR-ın bu ölkələrin enerji təhlükəsizliyi və iqtisadi rifahının təmin edilməsinə töhfə verdiyi bildirilir.

Azərbaycanın əldə etdiyi iqtisadi uğurlarla yanaşı ölkənin siyasi müstəvidə də həyata keçirdiyi konstruktiv siyasəti, o cümlədən bölgədə davamlı sülhün, sabitliyin və rifahın bərqərar olunmasında fəal iştirak etdiyi və regional məsələlərin üçüncü qüvvələrin müdaxiləsi olmadan bölgə dövlətləri arasında qarşılıqlı inam və danışıqlar əsasında həllinə çıxış etdiyi bildirilir.

 

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top