İsveç Hökuməti bəzi sənaye sahələrinə 6 milyard dollar sərmayə qoymaq niyyətindədir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İsveç Hökuməti bəzi sənaye sahələrinə 6 milyard dollar sərmayə qoymaq niyyətindədir

Stokholm, 23 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin maliyyə naziri Elisabet Svantesson 2025-ci il üçün maliyyə vəziyyəti və büdcə proqnozu haqqında məlumat verib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, Baş nazir Ulf Kristerssonun Harpsunddakı yay iqamətgahında keçirilən illik mətbuat konfransında hesabatla çıxış edib. Müxtəlif sektorlara yeni investisiyalar üçün təqribən 6 milyard dollar vəsaitin ayrılması gözlənilir ki, bu da hazırkı hökumətin təklif etdiyi ən böyük büdcədir.

“Bu, cari illə müqayisədə kəskin artımdır”, – deyə E. Svantesson bildirib.

Əvvəlki illərin büdcəsində hökumət inflyasiya ilə mübarizədən arqument kimi istifadə edərək, ehtiyatlı fiskal siyasətin həyata keçirilməsinə ümid bəsləyirdi.

“Biz artıq inflyasiya ilə mübarizəni birinci yerə qoymalıyıq. Biz iqtisadi böhran dövründə yaşayırıq, lakin indi biz bu mühitdən tədricən çıxırıq”, – deyə E.Svantesson vurğulayıb.

Sosial demokratların iqtisadi siyasət üzrə nümayəndəsi Mikael Dambergin sözlərinə görə, Avropa İttifaqında ən pis artım tempi İsveçdə müşahidə olunur. Ölkədə son on ildə ən yüksək işsizlik qeydə alınıb. O hesab edir ki, hökumət iqtisadi tənəzzülü yavaşlatmaq üçün tikinti, müdafiə sənayesi kimi bəzi sektorlara daha çox dəstək verməlidir.

İsveç Statistika İdarəsinə görə, keçən il tikinti sektorunda 9100 nəfər işsiz qalıb ki, bu da 2022-ci illə müqayisədə 154 faiz çoxdur.

Mətbuat konfransında büdcə bölgüsü açıqlanmayıb, lakin bir sıra sənaye sahələrinin milyardlarla vəsait tələb edəcəyi gözlənilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top