“Paris 2024”: Narazı tamaşaçı biletə ödədiyi 1600 avronun geri qaytarılmasını istəyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Paris 2024”: Narazı tamaşaçı biletə ödədiyi 1600 avronun geri qaytarılmasını istəyib

Paris, 23 avqust, AZƏRTAC,

“Paris-2024” Olimpiya Oyunları başa çatsa da, narazılıqlar hələ də davam edir.

AZƏRTAC “Ouest-France” qəzetinə istinadla xəbər verir ki, Kot-d’Armor (Côtes-d’Armor) sakini Jan-Kristof Seznek (Jean-Christophe Seznec) Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra çox məyus olduğunu bildirib. O, axmaq yerinə qoyulduğunu, demək olar ki, heç nə görmədiyini bildirərək, biletə ödədiyi 1600 avronun geri qaytarılmasını tələb edib. Tamaşaçı vaxtının çoxunu ekrana baxmağa sərf etdiyini, uzaqda olan səhnələri görmədiyindən şikayətlənib. “Mən yalnız uzaqdan, işıqsız və bəzədilməmiş qayıqları gördüm. Sahildə heç bir rəqqasələri və əyləncələri görmədim”, – deyə Seznek məyus olduğunu vurğulayıb.

“Paris-2024” Olimpiya Oyunlarının yağışlı havada keçirilən açılış mərasimində biletlərin qiyməti 90 avrodan 3000 avroya qədər olub. Sena çayı boyunca tədbirə 100 minə yaxın tamaşaçı toplaşmışdı. Jan-Kristof Seznek kimi bir çoxu tədbirin açılış mərasimindən şikayət edib. Olimpiya Təşkilat Komitəsi (OCOG) pulun geri qaytarılması ilə bağlı müraciətlərə hələ cavab verməyib.

Qeyd edək ki, bu yay Paris Olimpiya Oyunlarında idmançılara yaradılan şərait, oyunlarda baş verən kobud səhvlər və mübahisələr, eləcə də Sena çayının çirkliliyi çox sayda idmançı və federasiya tərəfindən şiddətlə tənqid olunub.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top