Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupu və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr edilib.

Konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Boneyra xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.

Tədbir iştirakçıları Niderlandın əsarəti altında olan Boneyra xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar barədə müzakirələr aparacaqlar.

Konfransın təşkilində məqsəd Boneyra adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına təqdim edəcəyi qətnamə layihəsi ilə bağlı beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top