Türkiyəli ekspert: Azərbaycanın BRİKS-ə qoşulmaqla bağlı müraciətində təəccüblü bir şey yoxdur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyəli ekspert: Azərbaycanın BRİKS-ə qoşulmaqla bağlı müraciətində təəccüblü bir şey yoxdur

Ankara, 22 avqust, AZƏRTAC

“Azərbaycanın BRİKS-ə üzv olmaq məqsədilə müraciət etməsində təəccüblü bir şey yoxdur. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə Azərbaycan dəfələrlə Qərbin qərəzliyi ilə üzləşib. Təsadüfi deyil ki, Bakı bundan əvvəl Qoşulmama Hərəkatına üzv olub”.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin “Nişantaşı” Universitetinin professoru Vişne Korkmaz Azərbaycan-Rusiya yüksək səviyyədə danışıqlarının nəticələrini CGTN Türk media resursuna şərh edərkən səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan heç bir hərbi-siyasi blokun üzvü olmayaraq, eyni zamanda dünyada mühüm iqtisadi oyunçu kimi tanınır.

“BRİKS özü də son dövrdə öz sıralarına böyük enerji oyunçularının cəlb edilməsini hədəfləyib və bununla da bir növ iri istehsalçı və istehlakçıların “konsorsium”unun formalaşdırılmasına siqnal verir”, – deyə ekspert qeyd edib. O vurğulayıb ki, Bakının BRİKS-ə müraciəti təkcə Moskvada deyil, həm də Pekində də açıq şəkildə dəstəklənib..

Professor BRİKS kimi platformaların müasir beynəlxalq arenada əhəmiyyətini vurğulayıb. “Dövlətin arxasında güclü ölkələr qrupu duranda onun qlobal səhnədə səsi daha yüksək səslənir. Bu, təkcə Azərbaycana deyil, bütün ölkələrə aiddir”, – deyə Korkmaz bildirib.

Professor Azərbaycanın Cənubi Qafqaz regionunda strateji əhəmiyyətinə diqqət çəkib. “Bakı Cənubi Qafqaz regionunda təkcə Türkiyə və ya Avropa üçün deyil, həm də Rusiya və bütün digər aktorlar üçün əsas oyunçudur. Ona görə də Azərbaycan tərəfinin BRİKS ilə əlaqələrin inkişaf etdirilməsinə səyi tamamilə təbiidir”, – deyə o, qeyd edib.

Ekspert Türkiyənin BRİKS-ə qoşulma ehtimalını da şərh edib. “Ölkəmiz də BRİKS ölkələri üçün mühüm platformadır. Ankara bu gün böyük enerji qovşağına çevrilməyə səy göstərir və buna görə də BRİKS ölkələrinin enerji siyasətindən kənarda qalmaq istəmir. Eyni zamanda, Türkiyə NATO üzvüdür və Şimali Atlantika Alyansındakı iştirakını yüksək qiymətləndirir. Ankaranın Alyansda iştirakının BRIKS təşkilatında qərarların qəbuluna təsir göstərə biləcəyini istisna etmirəm”, – deyə Korkmaz Ankaranın digər platformalarda öhdəliklərinin olduğunu vurğulayıb.

“Türkiyənin mövqeyi Azərbaycandan fərqlidir”, – deyə ekspert Ankaranın BRIKS-də müşahidəçi statusunun alınmasına müraciətini xatırladıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top