“The Guardian”: Bu il dünyada havanın temperaturu ilə bağlı çoxlu sayda rekord qırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“The Guardian”: Bu il dünyada havanın temperaturu ilə bağlı çoxlu sayda rekord qırılıb

Bakı, 15 avqust, AZƏRTAC

Bu ilin əvvəlindən ekstremal hava hadisələrinin tez-tez baş verməsi və iqlim dəyişikliklərinin güclənməsi nəticəsində 15 temperatur rekordu qırılıb.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, bu barədə iqlim tarixçisi Maksimiliano Herrera bildirib.

Onun sözlərinə görə, ilk altı ayda misli görünməmiş rekordların sayı heyrətləndirici idi. “Bu miqdarda ekstremal istilik hadisələri indiyə qədər görülən və ya mümkün hesab edilənləri üstələyir. 2024-cü ilin fevral-iyul ayları bütün statistik göstəricilər üzrə ən yüksək dövr olub”, – deyə o qeyd edib.

Bəzi günlərdə minlərlə monitorinq stansiyaları yeni aylıq maksimal və ya minimal rekordlar qırır. Gecələr yüksək temperatur o deməkdir ki, insanların və ekosistemlərin davam edən istidən özlərinə gəlmək üçün çox az vaxtı var. Məsələn, iyulun sonunda Çinin Yueyan bölgəsi gecə saatlarında görünməmiş yüksək 32 dərəcəlik temperatura, təhlükəli dərəcədə yüksək rütubətə baxmayaraq, istidən əzab-əziyyət çəkirdi.

Bütün zamanların milli rekordlarının coğrafi diapazonu heyrətamizdir. Meksika iyunun 20-də Tepaçedə 52 dərəcəlik zirvəsini təkrarladı. Dünyanın digər tərəfində, Kokos adalarının Avstraliya ərazisi bu il üçüncü dəfə aprelin 7-də 32,8 dərəcəyə çatdı.

Lakin ən güclü istilik tropiklərdə cəmləşib. İyunun 7-də Misir Asuanda 50,9 dərəcəlik milli maksimum qeydə alınıb. İki gün bundan əvvəl Çad Fayedə 48 dərəcəlik milli rekordunu təkrarladı. Mayın 1-də Qana Navronqda 44,6 dərəcəlik yeni zirvəyə çatdı, Laos isə Tha Nqonda 43,7 dərəcəlik yeni istilik səviyyəsinə daxil oldu. Herreranın sözlərinə görə, tropiklər 15 ay ardıcıl olaraq hər gün rekordlar qırır.

Avropa İttifaqının aparıcı monitorinq agentliyi olan “Copernicus” İqlim Dəyişmələri Xidməti bu yaxınlarda bildirib ki, iyun ayı ardıcıl olaraq aylıq temperatur rekordu vuran 13-cü ay olub.

Ümumdünya Meteorologiya Təşkilatı, həmçinin bu il ən azı 10 ölkədə temperaturun 50 dərəcədən yuxarı olduğunu qeyd edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top