Ermənistanın Azərbaycana qarşı ekoloji terroru: Oxçuçaydakı ekoloji fəlakət Ağalıda müzakirə olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru: Oxçuçaydakı ekoloji fəlakət Ağalıda müzakirə olunub

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) həyata keçirdiyi “Ermənistanın ekoloji terroru” adlı layihənin icrası davam edir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, avqustun 12-də layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindəki orta məktəbdə “Oxçuçayda ekoloji fəlakət” adlı ictimai müzakirə keçirilib. Müzakirədə “Yaşıl Dünya” EMİB-in sədri Elman Cəfərli, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova, Zəngilan rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, ictimai fəallar, könüllü təibətsevərlər iştirak ediblər.

Layihənin işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonunda – Zəngilanın Ağalı kəndində keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan layihə rəhbəri Elman Cəfərli bildirib: “İşğaldan azad olunmuş torpaqlara ayaq basanda insanda ikili hisslər yaranır. Yolboyu dağıdılmış yurd yerlərimizi, minalanmış əraziləri, yerlə bir edilmiş evləri, inzibati binaları, yandırılmış, məhv edilmiş meşələri görəndə insanın içini kədər, təəssüf hissi bürüyür. Düşünürsən ki, gör, düşmən Azərbaycana, ətraf mühitə nə qədər ziyan vurub, bizi neçə il geri atıb. Bu ərazilərin minalardan təmizlənməsi, bərpası, tikinti-quruculuq işləri nə qədər vaxtımızı alacaq. Ancaq yolboyu basdırılan işıq dirəklərini, yeni salınan yüksək keyfiyyətli yolları, yaradılan infrastrukturu və inşa edilən yaşayış binalarını görəndə insanın qəlbi fərəhlə dolur. Yeni salınmış Ağalı qəsəbəsi, tədbir keçirdiyimiz bu gözəl məktəb binası, rayonda tikilən binalar düşmənə gözdağı, dünyaya isə bir mesajdır: biz öz əzəli torpaqlarınızı düşməndən azad etmişik, qayıtmışıq, xaraba qoyduğunuz yurd yerlərimizi yenidən dirçəldəcəyik”.

E.Cəfərli qeyd edib ki, Qarabağ münaqişəsi başlayandan ötən son 30 ildə Ermənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirib. İşğal altındakı ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar edilib, nəticədə ekoloji tarazlıq pozulub.

“Son 30 ildə Zəngilanda, Cəbrayılda, Ağdamda qiymətli ağaclar olan meşələr qırılıb. Ağdamda təxminən 100 hektardan çox püstə meşələri vandal hücuma məruz qalıb. Laçın rayonunun Kamallı kəndi ərazisində 100 illik tarixə malik 30 hektara yaxın aqromeşə məhv edilib. İndi orada cəmi 1-2 ağac qalıb. Ağdam rayonunun ümumi meşə sahəsi təxminən 4743 hektar idisə, onun təxminən 26 faizi məhv edilib. Cəbrayıl rayonu üzrə meşələrin və bitkilərin 90 faizi məhv olub. Orada kollar, meşələr, ot örtüyü, bitkilər tamamilə məhv olub, ərazidə yarımsəhra vəziyyəti yaranıb. Ən acınacaqlı durum isə transsərhəd çaylarla bağlıdır” – deyə QHT sədri diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın əsas çayları dağ-mədən sənayesinin ağır metal tullantıları ilə çirkləndirilib. Ermənistandan Azərbaycana 20-dən çox irili-xırdalı çay gəlir. Həmin çaylar Ermənistan ərazisində çirkləndirilib. Bu proses indi də davam edir. Çaylarımız bu gün də təhlükəli tullantılarla – qurğuşun, arsen, sink, molibdenlə çirkləndirilir. Ağır metallarla çirklənmiş çaylarla birbaşa təmas insanda müxtəlif sağalmaz xəstəliklərə yol açır.

Oxçuçayın ekoloji çirklənməyə daha çox məruz qaldığını vurğulayan layihə rəhbəri deyib: “Oxçuçayın hövzəsi Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilir. 2020-ci ilin dekabrından transərhəd çaylarından analizlər götürülür. Çaylardan 158 su, 180 dib çöküntüsü nümunəsi götürülüb. Su nümunələrində təhlillər göstərib ki, çirkləndiricilər normadan yüksəkdir. Çay ağır metallarla çirkləndirilir. Ən narahatedicisi isə odur ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçir.

Təhlillərə görə, mis, qurğuşun, dəmir və digər elementlər normadan dəfələrlə artıqdır. Mikrobioloj təhlillərə görə də çay suyu çirkli hesab olunur. Bəsitçayda, Bərgüşad və Araz çaylarında da nəticələr demək olar eynidir”.

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Ağalı kəndində yaradılmış şəraitinin ürəkaçan olduğunu bildirib. Deyib ki, işğaldan azad olunmuş torpaqlarda qısa müddətdə böyük tikinti-quruculuq, abadlıq işləri görülüb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tarix yazıb, torpaqlarımız işğaldan azad edilib. Bu gün azad Qarabağda, Şərqi Zəngəzurdayıq. “Ermənilər torpaqlarımıza təqribən piyada və texnika əleyhinə 1,5 milyondan çox mina basdırıblar. Mina xəritələri müxtəlif bəhanələrlə Azərbaycana verilmədi. Biz o minaları da təmizləyəcək, Qarabağı, Şərqi Zəngəzuru ən təhlükəsiz, ən inkişaf etmiş bölgələrə çevirəcəyik. Lakin indi burada yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Düşmən onsuz da təbiətimizi yetərincə çirkləndirib. Ekoloji şüurunun formalaşması erkən yaşlardan başlanır. Biz övladlarımıza erkən yaşlarından təbiətə sevgi, canlılara qayğı hissi formalaşdırmalıyıq”, – deyə o əlavə edib. .

Ekoloq bildirib ki, Ermənistan transsərhəd çaylarına qarşı ekoloji terroru 2000-ci ildən etibarən intensivləşib. Həmin il dünya bazarında mis, qızıl və digər qiymətli metallara tələbatın artması Ermənistanda mədən sənayesinin inkişafına zəmin yaradıb. Ermənistan öz iqtisadi maraqlarını üstün tutaraq regionun ekosistemini təhlükə altına atan dağ-mədən sənayesinin inkişafına sərmayə qoyuluşunu artırıb.

İ.Həsənova deyib ki, Ermənistan transərhəd çaylarını çirkləndirməklə bütövlükdə Cənubi Qafqazın ekosisteminə zərbə vurur və bunu beynəlxalq konvensiyaları pozaraq həyata keçirir.

“Ermənistan ekoloji cinayətlər törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tam əleyhinə çıxış edir. Bundan başqa, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə hər hansı dağ mədən sənayesi müəssisəsinin tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espoo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Ermənistanın iri dağ mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Zavodların tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Eyni zamanda Ermənistanın dağ-mədən sənayesi müəssisələri dolayısı ilə Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur”, – deyə QHT sədri diqqətə çatdırıb.

Digər çıxış edənlər – Ağalı kənd sakinləri Gülşən Hüseynova, Vüqar Kərimli, Nurəddin Əliyev layihənin əhəmiyyətindən danışıb, Ermənistanın törətdiyi ekoloji cinayətlərin bölgədə böyük fəsadlar yaratdığını, Qarabağa böyük qayıdış prosesinə mane olduğunu bildiriblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top