2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 avqust 2024-cü il tarixli 17 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 avqust 2024-cü il tarixli 17 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlu 8 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 25/73 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş O.X.Humayzadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 7 avqust 2024-cü il tarixli 25/73 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 487 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, imzaların hamısı komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış, həmin imzalardan 91-i qeyri-düzgün imza hesab edildiyindən namizədin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində namizəd O.X.Humayzadə tərəfindən təqdim edilmiş imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. İşçi qrupu tərəfindən təqdim edilmiş 9 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha təsdiq edilmişdir ki, yoxlanılmış 487 ədəd seçici imzasından 91 ədəd seçici imzası qeyri-düzgündür. Belə ki, qeydiyyatdan imtina üçün əsas olmuş 11 ədəd imzanın Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisindən kənarda toplanması, imza atdığı iddia edilən 80 seçicinin şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlarının qeyri-düzgün olması öz təsdiqini tapmışdır.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan seçicilərin məlumatlarının düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən olan seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı O.X.Humayzadənin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş namizəd O.X.Humayzadənin müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 25/73 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlunun 8 avqust 2024-cü il tarixli 17 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 25/73 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top