Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir

Bakı, 9 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a verilən məlumata görə, görüşdə müzakirə olunan məsələləri şərh edən İİTKM Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azərbaycan və Mərkəzi Asiya xalqlarının tarixi qardaşlıq və strateji tərəfdaşlığı geoiqtisadi əməkdaşlığın inkişafına zəmin yaradır. Son dövrlər müşahidə olunan müntəzəm yüksək səviyyəli səfərlər ölkələr arasında əlaqələri daha da möhkəmləndirir.

“TDAM rəhbərinin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və qlobal gücünü möhkəmləndirir, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir. Nəqliyyat sahəsində həyata keçirilən nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması Orta Dəhlizin əhəmiyyətini bir daha vurğulayır”, – deyə Vüsalə Cəfərova vurğulayıb.

Vüsalə Cəfərova Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinə də toxunaraq qeyd edib ki, təkcə Azərbaycanla Qazaxıstan arasında 2023-cü ildə ticarət dövriyyəsi təxminən 467 milyon dollar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli bir artım idi: “Əsas ixrac məhsulları arasında Qazaxıstanın taxılı və Azərbaycanın nefti yer alır. 2023-cü ildə kənd təsərrüfatı sahəsində Qazaxıstan Azərbaycana 1 milyon tondan çox taxıl ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 20 faizlik artım deməkdir. Bu ticarət Azərbaycanın ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın “SOCAR” və Qazaxıstanın “KazMunayGas” şirkətləri arasında genişləndirilməkdə olan birgə müəssisələr Xəzər dənizi vasitəsilə neft ixracını artırmağı hədəfləyir və enerji təhlükəsizliyinin təminatı baxımından önəm kəsb edir. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə həyata keçirilən investisiya layihələri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması iri layihələrin reallaşdırılması baxımından təminat rolunu oynayır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə imzalanmış Əməkdaşlıq Memorandumu isə yaşıl enerji sahəsində əlaqələri möhkəmləndirəcək. Mərkəzi Asiya ölkələri ilə hazırda həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi də region üçün böyük əhəmiyyətə malikdir. Bu layihə rəqəmsal infrastrukturun inkişafına, bu sahədə təhlükəsizliyin təmin edilməsinə, iqtisadi inteqrasiya və texnoloji inkişafın təşviqinə yönəlib”.

TDAM rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin Astana səfəri türkdilli dünyanın iqtisadi inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyini gücləndirmək üçün vahid strategiyanı əks etdirir. Bu inteqrasiya türkdilli dövlətlərin qlobal rəqabət qabiliyyətini artırmaq məqsədi ilə güclü iqtisadi blok yaratmağa xidmət edir.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top