Yevlaxda 1000-dən artıq Eldar şamının quruma səbəbləri müəyyənləşdirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yevlaxda 1000-dən artıq Eldar şamının quruma səbəbləri müəyyənləşdirilib

Yevlax, 9 avqust, Göyçək Mahmudlu, foto Orxan Kərimov, AZƏRTAC

Yevlax rayonunda qurumuş Eldar şamı ağaclarına keçirilən baxış zamanı 1000-dən artıq ağacın götürülməsi qərarına gəlinib.

AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bu gün aparılan monitorinqlərin əsas məqsədinin ağacların quruma səbəbinin müəyyənləşdirilməsi olduğunu deyib: “İlkin monitorinqdən sonra belə qərara gəldik ki, xüsusi zərərvericilər ağacın fotosintez nəticəsində sintez olunmuş üzvi maddələrin axınının getdiyi floema qatını deşərək şirəni sorur, bundan sonra ağacın şirəsi axmağa başlayır. Nəticədə həmin şirə ilə zərərvericinin qoyduğu yumurtadan çıxan sürfələr qidalanaraq inkişaf edir. Beləliklə, digər ağacları da yoluxdururlar. Ağacın gövdəsi həmin zaman qapqara olur. Digər simptomlara gəlincə, yarpaqlar saralır, fotosintez prosesi tam gedə bilmir. Yarpaq getdikcə saralıb sıradan çıxır, fotosintez dayanır. Nəticədə bitki qida ala bilmir. Eyni zamanda, çoxalma nəticəsində boruda tıxaclar yaranır. Şirələr ağacın xaricinə çıxmağa başlayır. Nəticədə ağac məhv olmağa doğru gedir.

“Ağacların kifayət qədər, yəni 60-a yaxın yaşı var. Monitorinq aparilan ağaclar bir neçə ildir xəstəliyə yoluxub və son nəticədə belə acınacaqlı vəziyyət yaranıb. Tam analiz aparılmalı və həşəratın hansı virusun keçiricisi olduğu müəyyən edilməlidir. Həşəratların heç də hamısı virusla yoluxmur. Az bir qismi virusa yoluxur ki, onlar da xəstəlik yayırlar. Xəstəliyin səbəbi və ona qarşı mübarizə üsulları müəyyənləşdirilməlidir. Bunun üçün aidiyyəti qurumlar birgə iş aparmalıdır”, – deyə Ə.Məmmədov qeyd edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı şöbəsinin aparıcı məsləhətçisi Elnur Rəhimov bildirib ki, monitorinq zamanı zədələnmiş ağaclardan nümunə götürülüb və Agentliyin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında üç gün ərzində analiz aparılacaq. Bundan sonra nəticələr əlaqədar qurumlara göndəriləcək. Rəy verildikdən sonra isə görüləcək tədbirlər müəyyənləşdiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Toxum Nəzarəti və Bitki təşkili şöbəsinin təsərrüfat xidməti sektorunun baş məsləhətçisi Şükür Əhmədov isə monitorinqlər zamanı ağacların qurumasının əsas səbəbinin zərərvericilər olduğunun müşahidə edildiyini diqqətə çatdırıb: “Qurumaya səbəb olan həmin xəstəliyin növü müəyyənləşdirilməlidir. Lazımi laborat analizlər aparıldıqdan sonra yekun rəy veriləcək”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top