Ötən ay Bakıdan beynəlxalq istiqamətə olan uçuşların 44 faizi təkcə 5 şəhərin payına düşüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ötən ay Bakıdan beynəlxalq istiqamətə olan uçuşların 44 faizi təkcə 5 şəhərin payına düşüb

Baklı, 7 avqust, AZƏRTAC

Cari ilin iyul ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 6 min 171 uçuşda 815 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 23 faiz çoxdur. Ötən ilin iyulunda bu rəqəm 663 min təşkil edib.

Bakı hava limanının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq marşrutlarda daşınan sərnişinlərin 52 faizi xarici aviaşirkətlərin, qalanı milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 380 mindən çox, “Azərbaycan Hava Yolları” QSC 351 min sərnişin daşıyıb. Bu dövrdə Naxçıvan istiqamətində isə milli aviadaşıyıcı tərəfindən 745 uçuş həyata keçirilib, 85 mindən çox sərnişinə xidmət göstərilib.

Tranzit sərnişinlərin sayında da əhəmiyyətli artım müşahidə olunub – 2023-cü ilin iyul ayı ilə müqayisədə təxminən üç dəfə artaraq 36 min nəfər təşkil edib. Bu, bir daha Bakı havalimanının tranzit qovşağı kimi artan strateji əhəmiyyətini vurğulayır.

Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Dubay, Tbilisi və Əbu-Dabi şəhərləri qalır. Bu marşrutlarda 320 mindən çox sərnişin daşınıb.

Ümumilikdə, 2024-cü ilin 7 ayı ərzində Bakı hava limanı 4,204 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz çoxdur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək üçün xidmət keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi və uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top