Bu ilin altı ayında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 5675 cinayət faktı aşkarlanıb STATİSTİKA – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bu ilin altı ayında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 5675 cinayət faktı aşkarlanıb STATİSTİKA

Bakı, 12 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5675 cinayət faktı aşkarlanıb. Onlardan 1734-ü narkotik vasitələrin qanunsuz satışı, 3822-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 116-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 722 kiloqram 642,725 qram narkotik vasitələrin və psixotrop maddələrin 431 kiloqram 354,395 qramını heroin, 2 ton 931 kiloqram 754,672 qramını marixuana, 94 kiloqram 096,434 qramını tiryək, 27 kiloqram 564,001 qramını həşiş, 131 kiloqram 365,203 qramını psixotrop maddələr, 106 kiloqram 508,02 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 13 560 metadon, 6251 çətənə kolu, 502,4 qram və 2 ədəd güclü təsir edən və 2 kiloqram 174,5 qram zəhərli maddə qanunsuz dövriyyədən çıxarılıb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 648 hektar sahədən 2 milyon 83 min 830 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 722 kiloqram 642,725 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 101 milyon 013.000 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3881 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 1 nəfər, 18-25 yaşadək 295 nəfər, 26-29 yaşadək 621 nəfər, 30 yaş və ondan yuxarı isə 2964 nəfər təşkil edir. Həmin şəxslərdən 3758-i kişi, 123-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 38 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 38 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 103 kiloqram 676,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 117 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 89 kiloqram 886,725 qram narkotik vasitə və psixotrop maddə, 13 min 560 metadon həbi çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 169-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 121 kiloqram 645,6 qram narkotik vasitə, psixotrop maddə və 40,9 qram güclü təsir edən maddə müsadirə edilib. 1509 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 226 kiloqram 906,8 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 206, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 314, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 50, digər növ cinayət faktların sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 900 kiloqram 385,302 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 396 nəfər azalıb.

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 184 fakt, qrup halında olan cinayətlərin sayı isə 34 fakt artıb.

Bu il müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram külli miqdarda müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 62 min 700 həb, 58 min 860 narkotik xassəli çətənə bitkisi, həmçinin 3 min 877 həb, 19 min 341 kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə yandırma üsulu ilə məhv edilib.

Həmçinin 27 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilib və 1172 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 20 kiloqram 840,742 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 188 çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41 min 932 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1359 nəfərdən 907 nəfərin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmun Çatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxub. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4 faizi) inyekson narkotik istifadəçisi olub.

“802” qaynar xətt telefon zəng xidmətinə 698 vətəndaş müraciəti daxil olub ki, onların 70-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 76-sı narkotik asılılıqdan müalicə, 552-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 146 məktub ünvanlanıb.

Zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 68 tədbir (48 maarifləndirici və təşkilati tədbir, 11 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 2 verilişdə iştirak) təşkil edilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top