Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Qax, 28 iyun, AZƏRTAC

Son günlər respublikanın əksər bölgələrində olduğu kimi, Şəki-Zaqatala iqtisadi rayonlarında baş verən çoxsaylı təbiət hadisələri – dolu, güclü yağışlar və sel-subasma əkin sahələrinə və digər aqrar təsərrüfatlara böyük zərər vurub.

AZƏRTAC xəbər verir ki, təbii fəlakətin bölgədə ən çox ziyan vurduğu rayonlardan biri də Qaxdır.

Bəs bu rayonda fermer və təsərrüfat sahibləri təbii fəlakətdən necə sığortalanıb? Sakinlər, fermer və sahibkarlar aqrar sığortanın əhəmiyyətini qiymətləndirə bilirlərmi?

Elə bu məqsədlə Aqrar Sığorta Fondu və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli fermer və sahibkarlarla görüş keçirilib, müzakirələr aparılıb.

Tədbirdə çıxış edən icra başçısı Musa Şəkiliyev görüşün fermerlər üçün olduqca həssas bir dövrdə – təbiət hadisələrinin təsərrüfatlara böyük zərər vurması barədə faktlarla danışaraq diqqəti aqrar sığortanın vacibliyinə çəkib. Onun sözlərinə görə, dolu və güclü yağışlar, sel-subasma hadisələri rayonun əksər kəndlərində taxıl, qarğıdalı, fındıq və sair təsərrüfatlara zərər vurub, fermerlər böyük itki ilə üzləşiblər.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, belə halda fermerlər dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmindən faydalana bilərlər və onların itkiləri sığorta tərəfindən qarşılana bilər, amma təəssüf ki, sığortalı fermerlərin sayı azdır. Musa Şəkiliyev baş verənlərin aqrar sığortanın əhəmiyyətin bir daha göstərdiyini qeyd edərək, rayon fermerlərini sığortadan faydalanmağa çağırıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov son günlər baş verən təbiət hadisələri nəticəsində fonda müraciətlərin kəskin artdığını bildirib. Onun sözlərinə görə, əgər ümumilikdə 2023-cü ildə Fonda 992 sığorta hadisəsi üzrə müraciət qeydə alınmışdısa, təkcə bu ilin yanvar-iyun aylarında müraciətlərin ayı 1200-ü keçib, yəni ötən ildən daha artıq olub. Ümumilikdə bu dövrdə 50-dən artıq rayondan sığorta müraciətləri daxil olub.

Fondun rəhbəri Qax, Zaqatala və Balakən rayonlarından müraciətlərin olduğunu da bildirib. Qeyd edib ki, müraciət edənlər arasında aqrar sığortası olanlarla yanaşı, əkin sahəsini sığorta etməyənlər də var. Fond rəhbəri təəssüflə deyib ki, belə şəxslərə sığorta ödənişinin verilməsi mümkün olmayacaq.

Tədbirdə qeyd edilib ki, dövlət aqrar sığortaya böyük dəstək verir, sığorta haqqının 5 faizini dövlət ödəyir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər.

Belə ki, 1000 manatlıq buğda məhsulunun sığortalanması 20 manata, eyni məbləğli arpa məsulunun sığortası 24 manata, 1000 manatlıq qarğıdalı məhsulunun sığortası isə cəmi 12 manata başa gəlir.

Tədbirdə müxtəlif hadisələr səbəbindən fermerlərə dəyən zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb.

Fermer və təsərrüfat sahibləri, dolu, sel-subasma nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Qax DAİM-in direktoru Məhəmməd Fətəliyev tədbirdə çıxış edərək fermerləri aqrar sığortadan faydalanmağa çağırıb, eləcə də bu mövzuda bir sıra təkliflərini səsləndirib.

Tədbirdə bildirilib ki, Aqrar Sığorta Fondu 2022-ci ildə fermerlərə 2,4 milyon manat, 2023-cü ildə isə 4,4 milyon manat ödəniş edib, 2024-cü ildə bu məbləğin daha böyük olacağı gözlənilir.

Görüşdə, həmçinin Aqrar Sığorta Fondunun elektron yenilikləri – “Aqrar Sığorta Kalkulyatoru” və “Sığorta şəhadətnaməsini yoxla” xidmətləri barədə məlumat verilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top