Elyar Quliyev: Xalça ölkəmizin tarixi, mədəniyyəti və milli sərvətidir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Elyar Quliyev: Xalça ölkəmizin tarixi, mədəniyyəti və milli sərvətidir

Bakı, 7 iyun, Günel Əliyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycanın sənətkarları barədə söz açır. Həmsöhbətimiz xalçaçılıq ustası və Gəncədə özəl emalatxananın qurucusu Elyar Quliyevdir.

Elyar Quliyev öz emalatxanasını ondan çox toxucunun işlədiyi kiçik bir evdə yaradıb. Onun emalatxanası məşhur rəssam Tahir Salahovun əsərlərindən ibarət təxminən əlli xalçanın toxunması ilə məşhurdur. 2010-cu ildən Elyar Quliyev Beynəlxalq Mədəniyyət Fondunun üzvüdür. Moskvada keçirilən beynəlxalq festivallarda iştirak edib və dəfələrlə mükafatlandırılıb. Sənətkar, həmçinin Azərbaycan Milli Xalça Muzeyi tərəfindən bir neçə fəxri diploma layiq görülüb.

Elyar müəllim üçün xalçaçılıq ailə ənənəsidir: onun ana nənəsi gözəl xalça ustası olub, xalçaları vaxtilə bütün qohumlarının evlərini bəzəyib. Təəssüf ki, Elyar müəllim erkən yaşlarında valideynlərini itirib və bununla da onun xalçaçılıq dünyasına səyahəti başlayıb..

“90-cı illərdə anamdan qalan yeganə xalçanı satmalı oldum. Onun əlimdən çıxması mənə çox pis təsir etdi. Bundan sonra bu xalçanı necə geri qaytarmaq və ya nə ilə əvəz etmək barədə düşünməyə başladım və xalçaçılıqla məşğul olmağa qərar verdim”, – ustad deyir.

Elyar müəllim Gəncə Peşə Məktəbində fəaliyyət göstərib, burada xalçaçılıq kurslarının açılmasını təklif edib, lakin tələbə çatışmazlığı səbəbindən kurs bağlanıb. İndi Elyar müəllimin emalatxanası onun evində fəaliyyət göstərir.

Xalça ustasının karyerasının parlaq dövrləri 2000-ci illərdə Rusiya Federasiyasının Xalq artisti Aleksandr Burqanovla tanışlıqdan sonra başlayıb. Elyar müəllimin komandası artistin oğlu, rəssam və heykəltəraş İqor Burqanovun ondan çox əsərini xalça üzərinə köçürüb. Vaxtilə bu bənzərsiz əl işləri böyük maraq doğurub.

2009-cu ildə Elyar müəllim Azərbaycanın tanınmış rəssamı Tahir Salahovla əməkdaşlığa başlayıb.

“Tahir müəllim mənim əsərlərimi Moskvadakı Burqanovlar Muzeyində gördü və onların müəllifinin kim olduğunu soruşdu. Onun həmyerlisi olduğumu bildirdikdən sonra mənimlə görüşməyə qərar verdi, “Xəzər bu gün”, “Odlar Yurdu”, “Qız qalası” və “Səhər. Abşeron” kimi əsərləri xalçalara köçürməyə başladıq. Bu seriyadan beş xalça mənim imzamla Azərbaycan milli xalça muzeyində sərgilənir” – usta deyir.

Elyar Quliyevin sözlərinə görə, xalçaçılıq böyük səbr və detallara diqqət tələb edir. Həmsöhbətimiz qeyd edib ki, bir kvadratmetr xalçanın yaradılması təxminən bir ay çəkir.

“Xalçanın rəngləri beynimdə təsəvvür etdiyimlə üst-üstə düşəndə və ya xalça xüsusilə gözəl çıxanda ruhlanıram. Xalça toxumaq və bu prosesi müşayiət edən səslər sakitləşdirici təsir göstərir”, – deyə həmsöhbətimiz qeyd edir.

Elyar müəllim rəngləri “duymaq” və hansı rəngin necə tətbiq olunacağını anlamaq bacarığının vacibliyini vurğulayır: “Əsas şərt iplərin düzgün rənglənməsidir”. Üstəlik, səbr bu işdə əsas elementdir”.

Elyar Quliyevin emalatxanası ənənələrə ciddi riayət edir: “Biz yalnız ənənəvi metodlardan istifadə edirik. Xalçalarımız yun iplərdən və pambıqdan toxunur. “Xalça ölkəmizin min illərdir mövcud olan tarixi, mədəniyyəti və milli sərvətidir. Onu qorumaq lazımdır!” – o deyir.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top