Azərbaycanın qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyası ŞƏRH – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyası ŞƏRH

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməyinə görə fərqlənir. O tədbirlərin bir çoxunun davamlı xarakter alması da Azərbaycanın proseslərə uğurlu yanaşmasının nəticəsidir. İyunun 4-6 tarixlərini əhatə edən Bakı Enerji Həftəsi də bunu bir daha təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur. Bu tədbirlərin indiyə kimi keçirilmə sayına nəzər yetirəndə müsbət mənzərə göz önünə gəlir.

Bu tədbirlərin iki baxımdan dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat əlavə edib: “Söhbət Avropanın enerji təminatından və dünya üçün qlobal əhəmiyyət kəsb edən sağlam təbii mühit, yəni, “yaşıl enerji”yə keçid istiqamətdə atılan addımların beynəlxalq platformada müzakirəsindən gedir. Göründüyü kimi Azərbaycan Bakı Enerji Həftəsi çərçivəsində bir daha bu məqamların geniş şəkildə müzakirə edildiyi mərkəz kimi beynəlxalq aləmin diqqətindədir”.

V.İskəndərovun sözlərinə görə, bu tədbirlər, eyni zamanda, Azərbaycanın ötən üç onillikdə hansı uğurlu yol qət etdiyini bir daha sərgiləyir: “Bildiyimiz kimi Azərbaycan 30 il əvvəl Xəzərin neft-qaz resursları vasitəsilə enerji təhlükəsizliyinə, regionda sabitliyə və inkişafa nail olmaq siyasətinin əsasını qoyub. Bu siyasət fonunda enerji məsələlərindən qarşılıqlı münasibətlərdə təzyiq vasitəsi ikimi istifadəyə qarşı olan Azərbaycan ötən müddətdə etibarlı tərəfdaş kimi nüfuz qazandı. Məhz bu siyasətin nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.

Deputat onu da vurğulayıb ki, 2024-cü ildə də Bakı Enerji Həftəsinə uğurla ev sahibliyi edən Azərbaycan beynəlxalq əməkdaşlığını da genişləndirir: “Bəlli olduğu kimi Bakı Enerji Həftəsinin açılış günü, yəni, iyunun 4-ü, eyni zamanda, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması tarixidir. Lakin dünən 4 iyunu əlamətdar edən daha bir mühüm hadisə yaşandı. İyunun 4-ü həm də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç Günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qaldı. Təbii ki, bu, sıradan bir hadisə deyil. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top