“Günəş kimi parlayan uşaqlar” podiuma çıxıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Günəş kimi parlayan uşaqlar” podiuma çıxıblar

Bakı, 30 may, Tatyana İvanayeva, AZƏRTAC

İçərişəhərdəki “Muğam” restoranının meydançasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Günəş kimi parlayan uşaqlar və onların rəngarəng dünyası” adlı xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı moda nümayişi təşkil edilib. Sosial Xidmətlər Agentliyinin “1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi”nin yetirmələri modelyer Səbinə Zulalovanın əl işlərindən ibarət geyimləri qonaqlara nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, tədbir Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunub. Qonaqların diqqətini həm də ekologiya mövzusuna cəlb etmək qərara alınıb.

Modelyer Səbinə Zulalovanın hazırladığı layihəyə əsasən, podiuma çıxarılan hər bir obraz təbii ünsürlərin təcəssümünə çevrilib. “Agıllı cəmiyyətdə ətraf mühitə dəstək” adlı QHT-nin təsisçisi tərəfindən yaradılan kolleksiya Azərbaycan mədəniyyətinin öz torpağı ilə ayrılmaz şəkildə bağlı olan ənənəvi üsnsürlərin müasir reallıqlara nə dərəcədə ahəngdar şəkildə uyğunlaşdırıldığını nümayiş etdirib. Ekologiya mövzusu Səbinə Zulalovanın kolleksiyalarında hər zaman mövcuddur. Modelyerin defilelərində bu mövzuya daim diqqət yetirilir.

Bayram tədbiri zamanı qonaqlara qızlar üçün hazırlanmış eksklüziv geyimlərin moda nümayişi təqdim edilib. Nümayişdə sağlamlıq imkanları məhdud uşaqlar iştirak edib. Gənc modellərin Səbinə Zulalovanın kolleksiyasından olan əyinlərinə geydikləri libasları modelyer hər bir qıza Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün xeyriyyə hədiyyəsi kimi təqdim edib.

Modelyer Səbinə Zulalova, Qarabağ xanlığının qədim paytaxtının yetirməsi olan əfsanəvi folklor müğənnisi, muğam ifaçısı Bülbülcanın (Abdulbağı Zülalov – red.) nəslindəndir. Üstəlik, onun adı ilə bağlı sosial layihələrə Səbinə Zülalova imkan daxilində sağlamlıq imkanları məhdud uşaqları cəlb edir.

– Sağlamlığı məhdud uşaqlarla işləmək həm çətin, həm də qeyri-adi işdir. Bu sinerji sizə nə verir?

– Bəli, bu asan iş deyil. Lakin çətinliklər məni heç vaxt qorxutmayıb, əksinə daha da ruhlandırıb. Bu uşaqlar digərləri kimi deyil. Onlara xüsusi diqqət və anlayışla yanaşmaq lazımdır. Mənim üçün isə bu, bölüşdüyüm xeyirxahlığın sadəcə bir hissəsidir. Uşaqların hər birinin xoşbəxt olmasını istəyirəm. Əgər biz bunun üçün nəsə edə biliriksə, deməli, bunu mütləq etmək gərəkdir!

– Sağlamlığı məhdud uşaqlar ətraf mühitdə baş verənlərə bir qədər fərqli yanaşırlar. Bəs onlar moda nümayişi prosesini necə qəbul etdilər?

– Hazırlıq prosesi mənim üçün olduqca sehrli ab-havada keçdi. Uşaqlar özlərini gözəl libaslarda gördükləri zaman onların həmin geyimlərə uyğunlaşmaqla bağlı reaksiyaları məni heyrətləndirdi. Xoşbəxt olmaq üçün onlara çox şey lazım deyil. Onlar digər uşaqlar kimi ərköyün deyillər və duyğuları o qədər səmimidir ki, bu hətta insanın ruhuna toxunur. Onlar üçün moda nümayişinə çıxmaq əlbəttə ki, çətindir, bunu öyrətmək demək olar ki, mümkün deyil. Amma tamaşaçılar qarşısında onlarda özlərinə inam yaratmaq üçün hər qızı defile zamanı şəxsən özüm müşayiət etmək qərarına gəldim.

– Növbəti kolleksiyanızın yaradılması ilə bağlı məqsədləriniz nədən ibarətdir?

– Yaratdığım hər bir kolleksiya özünəməxsus məna kəsb edir. Mən təkcə satış üçün nəzərdə tutulan moda geyimləri hazırlamıram. Mən növbəti mühüm mövzunu işıqlandıracaq yaradıcı ideyamı həyata keçirirəm. Məhz həyat da bunu sübut edir ki, incəsənət vasitəsilə insanların qəlbinə nüfuz etmək mümkündür.

– Sağlamlığı məhdud uşaqlar xüsusi emosional fon yaradır. Belə tədbirlərdən sonra özünüz üçün hansı nəticəni çıxarırsınız?

– Sağlamlığı məhdud olan uşaqlarla apardığım iş zamanı gəldiyim əsas nəticə budur ki, onlar digər uşaqlarla müqayisədə daha çox diqqət və qayğıya layiqdirlər. Axı onlar da təmiz və pak ürəyə sahibdirlər, onların sevgiyə ehtiyacı var. Əgər onlar hər hansı fiziki imkanlardan, yaxud valideynlərinin himayəsindən məhrumdurlarsa, biz cəmiyyət olaraq, onlara bu qayğını, sevgini və qəlb hərarətini verməliyik. Əgər hər birimiz bu dünyaya heç olmasa bircə damcı xeyirxahlıq göndərsək, xeyirxah və xoş əməllərin dalğası çoxlarını isitməyə və qorumağa kifayət edər. Necə deyərlər, onda bu damlalar birləşib böyük bir xeyirxahlıq dənizinə çevrilər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top