2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 avqust 2024-cü il tarixli 19 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 avqust 2024-cü il tarixli 19 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Allahverdiyev Ramin Novruzəli oğlu 9 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/70 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə R.N.Allahverdiyevin namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və dairə seçki komissiyasının 15 iyul 2024-cü il tarixli 09/25 saylı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.

Namizəd R.N.Allahverdiyev tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 2 avqust 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.

Dairə seçki komissiyası namizəd R.N.Allahverdiyev tərəfindən namizədliyinin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərindəki məlumatları araşdıraraq namizədin də iştirak etdiyi komissiyanın iclasında onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 7 avqust 2024-cü il tarixli 23/70 saylı Qərar qəbul etmiş və qərarın surəti ona təqdim edilmişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizəd tərəfindən təqdim edilmiş əmlak barədə məlumatda əmlakının olmaması göstərilmiş, ancaq komissiyanın sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş 3-23-3-02/2-9839/2024 saylı məktuba əsasən Allahverdiyev Ramin Novruzəli oğlunun adına 05.11.2019-cu il tarixdə ümumi birgə mülkiyyət hüququ ilə (mülkiyyət payı yalnız torpaq sahəsinə məxsusdur) fərdi yaşayış evi, 01.12.2023-cü il tarixdə 0.60 ha və 0.44 ha torpaq sahələri qeydiyyata alınmışdır. Qərarda namizədin qeydə alınması üçün etibarlı imzaların kifayət etmədiyi də göstərilmişdir.

Dairə seçki komissiyasının üzvləri tərəfindən 2 avqust 2024-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən edilir ki, namizədliyin qeydə alınması üçün təqdim edilmiş seçki sənədlərində düzəldilməsi mümkün olan çatışmazlıqların aradan qaldırılması üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə namizəd R.N.Allahverdiyevə şərait yaradılmış və o, bundan istifadə etmişdir.

Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərindəki məlumatların təkrar araşdırılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmişdir.

Araşdırmanın nəticəsi olaraq işçi qrupunun üzvləri tərəfindən verilmiş 9 avqust 2024-cü il tarixli rəy və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən alınaraq rəyə əlavə edilmiş mülkiyyət hüququna dair çıxarışlarla namizəd R.N.Allahverdiyevin ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində dairə seçki komissiyasının qərarında göstərilən torpaq sahələrinin mövcud olması bir daha təsdiqini tapmışdır.

Əlavə olaraq işçi qrupu tərəfindən namizəd R.N.Allahverdiyevin gəlirləri barədə təqdim etdiyi məlumatda 2023-cü ilin son 6 ayı üzrə muzdlu işdən 5 049, 19 (beş min qırx doqquz manat on doqquz qəpik) gəlirini göstərməmişdir. Həmçinin xüsusi seçki hesabına mədaxil olan və xərclənən vəsait birinci ilkin maliyyə hesabatında göstərilməmişdir.

Göstərilənlərə əsasən müəyyən edilir ki, əmlak barədə məlumatda ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan torpaq sahələrini göstərməməsinə görə R.N.Allahverdiyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur.

Araşdırma ilə namizədin qeydə alınması üçün etibarlı imzaların kifayət etmədiyi öz təsdiqini tapmamışdır.

Araşdırmanın nəticəsi olaraq namizəd tərəfindən namizədliyinin qeydə alınması üçün təqdim olunmuş seçki sənədlərində əmlak barədə məlumatların göstərilməməsi təsdiqini tapdığından müraciət əsassız hesab edilərək təmin edilməməli, R.N.Allahverdiyevin namizəd kimi qeydə alınmasından imtinaya dair 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/70 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Allahverdiyev Ramin Novruzəli oğlunun 9 avqust 2024-cü il tarixli 19 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/70 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                     Məzahir Pənahov

Katib                    Arifə Muxtarova

Katib                    Mikayıl Rəhimov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top