2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 avqust 2024-cü il tarixli 16 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 avqust 2024-cü il tarixli 16 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimli Qorxmaz Əbülfəz oğlu 8 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Namizəd Q.Ə.İbrahimli öz müraciətində imtinanın əsası kimi göstərilən imzaları mübahisələndirmiş və qeydiyyatdan imtina üçün əsas olmuş imzaların qeyri-düzgünlüyünün əsaslandırılmasını xahiş etmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Q.Ə.İbrahimlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 8 avqust 2024-cü il tarixli 25/74 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 ədəd seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanılarkən dairə seçki komissiyasına daxil olmuş seçici müraciətləri (imzaların onların adından qoyulması ilə bağlı) və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin dairə seçki komissiyası məktubla namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və həmin ekspertlərin rəylərindən, imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokolundan görünür ki, təqdim olunan 10 ədəd imza vərəqəsində olan 500 ədəd imzadan 170 ədəd imza yoxlanılmış, həmin imzalardan 143 ədəd imzanın 51 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra edildiyindən, 92 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Bununla da təqdim edilmiş 500 ədəd imzadan 92 ədəd imza qeyri-düzgün hesab edilmişdir. Təqdim edilmiş etibarlı (düzgün) imzaların lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.

Araşdırma prosesində namizəd Q.Ə.İbrahimli tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olan 170 ədəd imza təkrar yoxlanılmış, onlardan 143 ədəd imzanın 51 qrup olmaqla eyni şəxs tərəfindən icra olunması və nəticədə 92 ədəd imzanın qeyri-düzgün olması müəyyən edilmiş və bu hal tərtib edilmiş 9 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) imzaların lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) imzaların sayı Q.Ə.İbrahimlinin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən, dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, namizəd Q.Ə.İbrahimlinin müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 57-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimli Qorxmaz Əbülfəz oğlunun 8 avqust 2024-cü il tarixli 16 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 25/74 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                   Məzahir Pənahov

Katib                  Arifə Muxtarova

Katib                  Mikayıl Rəhimov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top