2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 15 saylı müraciətə baxılması barədəAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 15 saylı müraciətə baxılması barədəAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlu 7 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 34 saylı Xətai ikinci seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Tağıyev Nuran Zirəddin oğlunun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş N.Z.Tağıyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarını onunla əsaslandırmışdır ki, toplanmış 500 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanarkən bəzi imzaların şübhə doğurduğu və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İşçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəylərindən və işçi qrupunun protokolundan görünür ki, yoxlmaya təqdim olunan 10 imza vərəqəsində olan 500 imzadan 350 ədəd yoxlanılmış həmin imzalardan 268 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.

Araşdırma prosesində namizəd N.Z.Tağıyev tərəfindən təqdim edilmiş imza vərəqələri, ona əlavə edilmiş seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş seçici imzaları təkrarən digər xətşünas ekspertlər tərəfindən yoxlanılmış, 350 ədəd imzadan 268 ədədinin etibarsız olması tərtib edilmiş 7 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha öz təsdiqini tapmışdır.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı N.Z.Tağıyevin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi T.M.Əliyevin müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlunun 7 avqust 2024-cü il tarixli 15 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 34 saylı Xətai ikinci seçki dairəsi dairə seçki komissiyasının namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş Tağıyev Nuran Zirəddin oğlunun namizədliyinin qeydə alınmasından imtinaya dair 6 avqust 2024-cü il tarixli 29/2 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top