2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 12 saylı müraciətə baxılması barədəAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 12 saylı müraciətə baxılması barədəAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlu 7 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 22/59 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə Ə.F.İbrahimovun namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 15/35 saylı Qərarı ilə təsdiq edilmişdir.

Namizəd Ə.F.İbrahimov tərəfindən namizədliyin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 26 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.

Dairə seçki komissiyası tərəfindən namizədin qeydə alınmasından imtina edilməsi barədə qəbul edilmiş qərar tərtib edilərkən buraxılmış texniki səhv həmin komissiya tərəfindən dərhal aradan qaldırılaraq tam qərar namizədə təqdim edilsə də namizəd tərəfindən mübahisələndirildiyindən Mərkəzi Seçki Komissiyasının 3 avqust 2024-cü il tarixli 26/118 saylı Qərarı ilə onun müraciəti təmin edilmiş, dairə seçki komissiyasının 1 avqust 2024-cü il tarixli 20/50 saylı Qərarı ləğv edilmiş, Ə.F.İbrahimovun namizədliyinin qeydə alınıb-alınmaması məsələsinə dair qərarda yol verilmiş texniki səhvin aradan qaldırılması məqsədilə sözügedən məsələyə dairə seçki komissiyasında yenidən baxılması qərara alınmışdır.

Dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 22/59 saylı Qərarı ilə Ə.F.İbrahimovun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ə.F.İbrahimovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin təqdim etdiyi imza vərəqələrində olan 500 seçici imzasından 65-i qeyri-düzgün hesab edildiyindən Ə.F.İbrahimovun namizədliyinin qeydə alınması mümkün olmamışdır.

Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək imza vərəqələrində olan məlumatlar təkrar araşdırılmış, təqdim edilmiş imza vərəqlərindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokol və rəylərindən müəyyən edilir ki, namizədin təqdim etdiyi 10 imza vərəqəsində olan 500 imzadan 195 imza yoxlanılmış, həmin imzalardan 140 ədəd imza 54 qrup olmaqla eyni şəxslər tərəfindən icra edildiyindən 86 seçici imzası qeyri-düzgün, o cümlədən 500 ədəd imzadan şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlar qeyri-düzgün olduğundan 26, seçki hüququ olmayan (18 yaşına çatmamış vətəndaş tərəfindən qoyulan imza) şəxsin imzası olduğuna görə 1 ədəd imza qeyri-düzgün hesab edilmişdir. Bununla da ümumilikdə 113 ədəd imza etibarsız hesab edilmişdir.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı Ə.F.İbrahimovun namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, Ə.F.İbrahimovun namizəd kimi qeydə alınmasından imtinaya dair 46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 22/59 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun 7 avqust 2024-cü il tarixli 12 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 46 saylı Sumqayıt beşinci seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 22/59 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                   Məzahir Pənahov

Katib                  Arifə Muxtarova

Katib                  Mikayıl Rəhimov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top