MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

enerji icki

Yeniyetmələr üçün enerji içkiləri böyük təhlükə mənbəyidir

Siqaret, enerji içkisi, duz, oturaq həyat tərzi, stress və fiziki aktivliyin aşağı olması ürək-damar problemlərini yaradan başlıca səbəblərdir.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının kardioloqu Fuad Səmədov ATU-nun mətbuat xidmətinə bildirib.

Həkim deyib: “Azərbaycanda ürək-damar sistemi problemlərinin yaradan əsas səbəblər şəkərli diabet, piylənmə, təzyiq, böyrək çatışmazlığı kimi bir sıra xəstəliklərdir. Stress də ürək problemlərinin yaranmasında başlıca amillərdən biridir. Təəssüf ki, ölkəmizdə fərqli səbəblərdən yaranan stressdən əziyyət çəkənlərin sayı çoxdur. İnsanların özlərinə qarşı laqeyd münasibət göstərmələri yalnız ürəklə bağlı deyil, bir çox digər problemlərin də ortaya çıxmasına səbəb olur.

Diabet ürək xəstəliyinin bir ekvivalentidir və bu, bütün dünyada belə qəbul edilir. Vaxtında tənzimlənən şəkər isə ciddi risk amili olmaqdan çıxır. İndi diabet xəstələrinin bir problemi də insulin qəbulunun gecikdirilməsi və ya bu preparatın qəbulundan yayınmalarıdır.

Təzyiq bu gün cəmiyyətimizdə insanlar arasında kütləvi hal alıb, hətta gənclər belə bundan əziyyət çəkirlər. Hər kəsi düşündürən bir məsələ də tam sağlam bir insanda təzyiqin oynamasıdır. Bu, normal haldır. Cəmiyyətimizdə işçi təzyiqi anlayışı var. Bu qəbul edilən təzyiq normasıdır, bəzi insanlar yalnız sırf şikayəti olduğu halda təzyiqlərini mütəmadi olaraq ölçdürürlər. Bu gün insult keçirənlərin 90 faizi tənzimlənməmiş təzyiqi olan xəstələrdir. Belə insanlar sonradan yaranacaq fəsadların qarşısını almaqda çətinlik çəkəcəklərindən xəbərsiz, həkim məsləhəti olmadan müalicə olunmağa çalışırlar. Belə problemlərə zamanında müdaxilə etdikdə yarana biləcək ən ciddi xəstəliklərin qarşısını almış olarıq.

Ötən əsrin 80-ci illəri ilə müqayisədə bu gün ürək problemləri istər cavan, istərsə də yaşlı insanlar arasında geniş yayılıb. Ürək problemləri ən çox 50-60 yaşlı insanlar arasında üstünlük təşkil edir. Xüsusilə qadınlar arasında menopauzadan sonrakı dövrdə bu problem daha çox özünü büruzə verir. Gənclər arasında isə bu xəstəliklərin geniş yayılma səbəbləri bir çox problemlərdən qaynaqlana bilər. Misal üçün, oturaq həyat tərzi, qidalanma qaydalarının pozulması və ya gec saatlarda yemək ürək xəstəlikləri zamanı ölüm riskini artırır. Yemək yedikdən dərhal sonra yatmaq bir sıra problemlərin yaranmasına səbəb olur. Ürək xəstəlikləri irsi olaraq da ötürülür. Erkən yaşında dünyasını dəyişənlərin övladlarının öz həyat tərzlərinə daha diqqətlə yanaşmaları lazımdır.

Bu gün ölkəmizdə əhalinin fiziki aktivliyi çox aşağı səviyyədədir. İnsanlar xarici ölkələrlə müqayisədə çox nadir hallarda idmanla məşğul olurlar. Gənclər həddindən artıq istifadə etdikləri enerji içkilərinin mənfi təsirlərindən xəbərsizdirlər. Mən həkim olaraq gənclərin buna nə qədər meyilli olduğunun şahidi olmuşam. İstehsalçının belə içkilərinin gündə bir dəfə istifadəsinə icazə verdiyi halda, bəzən istifadə 8-10 dəfəyə qədər artır. 12-13 yaşlı yeniyetmələrin həyatları üçün isə enerji içkiləri böyük təhlükə mənbəyidir. Gənclər arasında bu növ içkilərə qarşı mübarizə məqsədilə klinikamızda yeni layihəyə də başlamışıq və maarifləndirmə işlərinin aparılmasını planlaşdırırıq. Valideynlər də bu məsələdə diqqətli olmalıdırlar. Çünki bu içkilərin enerji verməsi, əhvalı yaxşılaşdırması kimi söyləntilər qətiyyən məntiqli yanaşma deyil.

Əsas problemlərdən biri də cəmiyyətimizdə duz istifadəsinin həddindən artıq çox olmasıdır. Duz məhdudiyyəti tətbiq etdikdən sonra bir çox xəstələrin təzyiqinin normallaşdığını müşahidə etmişik. Orqanizmə heç bir xeyri olmayan duzdan istifadənin azaldılması insult, ürək çatışmazlığı riskini azaldacaq, təzyiqi normallaşdıracaq.

Ürək və ağciyəri tam sağlam olan insanın oturaq həyat tərzi sürməsi onun təngnəfəsliyinə səbəb ola bilər. Əsası isə cəmiyyətimizdə insanların bu kimi kiçik məsələlərə laqeyd yanaşmalarıdır. Şəkəri, təzyiqi olan, siqaret çəkən insanların həm ürək, həm də ağciyər müayinəsindən keçmələri vacibdir. Bəzən xəstədə nə ağrı, nə də təngnəfəslik olur. Bu zaman həmin insan özünü bir il bundan öncə ilə müqayisə etməlidir. O, bir il bundan əvvəl də bu işləri etdiyi zaman onda bu kimi halların olub-olmadığını xatırlamalıdır. Çünki bu bəzən ilk siqnal da ola bilər.

Ürək-damar problemləri fiziki hərəkət və ciddi emosionallıq nəticəsində də ortaya çıxa bilər. Sinədə yanğı, göynəmə, kürək nahiyəsində olan ağrılar ilkin əlamət sayıla bilər, əgər bu ağrılar bir dəqiqədən artıq davam edərsə, problemin başlanğıcı hesab etmək olar. Bəzən bu problem gizli də davam edə bilər. Məhz bu səbəbdən hər bir İnsan öz bədənini tanımalıdır”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top