MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Pərviz_Heydərov

Yeni idxal rüsumları daxili bazarı qoruyacaq

İqtisadçıların fikrincə, Nazirlər Kabinetinin qərarı daxili istehsalı himayə etmək məqsədi daşıyır

Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.
Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
Gömrük rüsumlarında artımın bazarda bahalaşmaya səbəb olacağı ilə bağlı fikirlər səslənsə də, əslində bu qərarın qəbulu daxili bazarın qorunması məqsədini daşıyır. Bəs bu qərar bazarın qorunmasına nə dərəcədə yardım edəcək? Bazarda bahalaşma müşahidə ediləcəkmi?
Bəzi yanlış yanaşmalara münasibət
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov qəzetimizə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin qərarı ən çox istehlak olunan məhsullara aiddir. Hansı ki, onların hamısı daxildə də istehsal olunur. O qeyd etdi ki, söhbət ərzaq və qidadan getdiyindən əksəriyyətimiz artıq uzun illərdir məhz yerli məhsullara üstünlük veririk.
İqtisadçının sözlərinə görə, bəziləri sözügedən qərarı hökumətin dövlət büdcəsini “doldurmaq” istəyi ilə əlaqələndirirlər: “Guya ki, neftin qiymətinin enməsi və bu sahədə daxildə hasilatın azalması ilə əlaqədar olaraq, hökumət digər istiqamətlərdə vergi və gömrük rüsumu yığımını artırır, fiskal siyasəti gücləndirir. Bu, tamamilə yanlış və gülünc izahat və yanaşmadır. Məsələ bundadır ki, vergi və gömrük rüsumu yığımının üfüqi deyil, şaquli istiqamətdə gücləndirilməsi tədbirlərinin heç bir halda effekt vermədiyi və bunun nəinki uzunmüddətli, hətta orta müddətdə də məhz iflasa məhkum olduğu adi peşə sahibinə də yaxşı bəllidir. Yəni bunun üçün iqtisadçı olmağa ehtiyac yoxdur. Düzdür, 2017-ci il üçün Dövlət Gömrük Komitəsi xəttiylə dövlət büdcəsinə daxilolmalar, yəni gömrük rüsumları və vergilər proqnozu 2,2 milyard manat həcmində proqnozlaşdırılıb ki, bu da cari ildəki gözləntidən 21,5 faiz çoxdur. Lakin toyuq əti və yumurta, o cümlədən bir sıra meyvə-tərəvəz məhsulları, spirtli içkilər və şirələr üzrə qərarın bilavasitə bu artıma xidmət edəcəyini düşünmək absurddur”.
Daxili istehsalın himayəsi
İqtisadçı hesab edir ki, bu qərar daxili istehsalı himayə etmək məqsədi daşıyır. Bu da birbaşa antidempinq siyasətinin tərkib hissəsi sayılır: “Dövlət başçısının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqinə dair iyul ayının 13-də imzaladığı Fərmanı xatırlamaq yerinə düşər. Adıçəkilən qanun ölkənin iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsala zərər vuran və ya zərər təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış, geniş xarakter daşıyan idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
Bu gün dünya iqtisadiyyatında baş verən və sürətlə cərəyan etməkdə olan proseslərlə əlaqədar istehsalda, o cümlədən bazarlarda rəqabət gündən-günə kəskinləşir. Düzdür, rəqabət özü də inkişaf və artım üçün zəruri və əsas şərtdir. Lakin haqsız rəqabət deyilən bir anlayış var ki, bu, inkişaf və artım amillərini buxova alır. Odur ki, belə şəraitdə dövlət öz tənzimləyici alətlərindən mütləq istifadə etməklə bunun qarşısını almalı və vəziyyətə nəzarət edərək onu tənzimləməlidir”.
P.Heydərov bildirdi ki, daxili bazarda bir çox istehlak məhsullarının pərakəndə satış qiymətləri şişirdilmiş səviyyədədir: “Əslində elə növ xarici istehsala aid ərzaq məhsulları var ki, onların qiymətləri həqiqi dəyərindən hətta ucuz satılır. Çünki keyfiyyətinə və rəqabətqabiliyyətliliyinə görə daxildə istehsal olunan analoq məhsullardan əslində geri qalır, dolayı yolla devalvasiyanın ixraca xidmət etmək, onu artırmaq şansına mənfi təsirlər göstərməklə ölkənin ümumi ixrac potensialını məhdudlaşdırmaq, inflyasiya amilinə xidmət göstərmək məqsədi daşıyır. Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə antidempinq siyasəti olduqca vacibdir. Ona görə ki, bizim bazar olduqca kiçikdir. Azərbaycana qarşı dempinq siyasəti həyata keçirən potensial ölkələrin sayı isə kifayət qədərdir. Üstəlik, keyfiyyət amili də var. Bütün bunların fonunda isə Azərbaycanda bazarı qorumaq sahəsində hökumətin üzərinə böyük vəzifələr və yük düşür”.
Qərarın arxasında dayanan əsas məntiq…
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda rüsum siyasəti ilə bağlı dəyişikliklərə ehtiyac var idi: “Çünki əvvəlki dövrlərdə rüsumların faktiki olaraq işləkliyinin olmaması rüsum dərəcələrinin müəyyənləşməsində ciddi nöqsanlara səbəb olmuşdu. Hazırda isə  proseslər mümkün qədər şəffaflaşdırılıb. Ölkə sərhədlərindən daxil olan məhsulların böyük bir qismi rəsmi şəkildə sənədləşdirilib. Bu isə rüsumların faktiki funksiyasını yerinə yetirmək imkanlarını artırıb. Belə bir şəraitdə daha dolğun rüsum siyasətinin, rüsum faizlərinin müəyyənləşməsinə ehtiyac var. O baxımdan atılan addımları bu konteksdən qiymətləndirərdim”.
İqtisadçının sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda göstərilən məhsullar Azərbaycan ərazisində kifayət qədər istehsal olunur. Bəzi məhsulların isə istehsal potensialı çox yüksəkdir: “Düşünürəm ki, qərarın arxasında dayanan əsas məntiq də budur. Əhalinin gündəlik tələbatında ciddi paya malik mallar da var. Xüsusilə kartof, soğanı bu sıradan qeyd etmək olar. Mövsümi olmayan dövrlərdə bu məhsulların demək olar ki, böyük əksəriyyəti ölkəyə idxal olunur. Bu kimi məhsullarda rüsum artırılarsa, onların satış qiyməti də yüksələcək. Xüsusilə bu istiqamətdə baş verən qiymət artımı əhalinin birbaşa olaraq aylıq xərcini artıracaq. Bu baxımdan gəlirlərin dəyərsizləşməsi, aylıq xərclərin artma ehtimalı yüksəkdir. 2016-cı ili götürsək, bu məhsullar üzrə daxili tələbatı yerli istehsal hesabına ödəmək mümkün olmayacaq. Quşçuluq, qoz-fındıq məhsulları üzrə daxili tələbatı ödəmək mümkündür”.
Sahibkarlar vəziyyətdən sui-istifadə etməməlidir
R.Həsənov bildirdi ki, bazarda idxal məhsulları var və əslində bu, daim belə olmalıdır: “Liberal bazarın tələbi də budur.  Amma qiymətlərdə fərqin olması yerli məhsullara istehlakçının marağının nisbətən artmasına gətirib çıxara bilər. Və eyni zamanda yerli məhsulların qiymət prizmasından rəqabət imkanlarını gücləndirir”.
İqtisadçı deyir ki, yerli sahibkarlar da yaranmış şəraitdən uzunmüddətli və strateji olaraq istifadə etməlidirlər: “Çünki yaranmış qıtlıqdan, yaxud xarici məhsulların daha baha olmasından istifadə edərək qısamüddətli dövrdə yüksək gəlirlərin əldə olunması məqsədilə böyük fərqli marjanın tətbiq edilməsi əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsinə, onların istehsal dövriyyələrinin kiçilməsinə gətirib çıxara bilər. O baxımdan sahibkarlar daha adekvat reaksiya verərək öz gəlirlərini istehsal həcminin artırılması yolu ilə artırmağa cəhd göstərsinlər”.
R.Həsənov deyir ki, rüsumların müəyyənləşdirilməsində müəyyən qədər məhz bu sektorda fəaliyyət göstərən sahibkarların da müraciəti nəzərə alınıb: “İki devalvasiyadan sonra qiymətlərin artırılmasında ciddi çətinliklə üzləşmişdilər. Bu da nəticədə istehsal fəaliyyətinin  zərərlə işləməsinə səbəb olmuşdu. Uzun müddət davam edərdisə, bəzi müəssisələrin, xüsusilə quşçuluq sektorunda fəaliyyət göstərənlərin iflası qaçılmaz idi. Bu məhsulların da qiyməti artacaq. Ancaq sahibkarlar yaradılan şəraiti mümkün qədər müsbət qiymətləndirməyə çalışmalı, süni şəkildə qiymətləri artırmamalı, qiymət siyasəti həyata keçirərkən ölkə iqtisadiyyatını, əhalinin vəziyyətini də nəzərə almalıdırlar”.
 
“Hökumət bu istiqamətdə aktiv siyasət həyata keçirməlidir”
İqtisadçı onu da bildirdi ki, hökumət də bu istiqamətdə aktiv siyasət həyata keçirməlidir: “Belə ki, hansısa məqamlarda hansısa məhsulların istehsalçılarının yaranmış vəziyyətdən sui-istifadə halları görünərsə, süni qıtlğın yaradılması meyilləri, yaxud kəskin qiymət artımına getdikləri hiss olunarsa, o zaman Nazirlər Kabineti qəbul etdiyi qərara qısa müddətdə yenidən baxmalı, qeyd olunan məhsulların idxalı üzrə güzəştlər tətbiq etməlidir. Hökumət, bazara daha çox iqtisadi alətlər vasitəsilə müdaxilə etməyə çalışmalıdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təsiri ilə yox.  Əgər ölkədə hansısa məhsulun qıtlığı hiss olunursa, o istiqamətdə rüsumlar azaldılmalı, həmin məhsulların idxalı təşviq olunmalıdır.  Hansı yerli istehsal məhsullarının satışında problem varsa, yaxud istehsal həcmi böyükdürsə və həmin məhsulların bahalaşmasına ciddi təsir olmayacaqsa, bu zaman o istiqamətdə rüsumlar artırılmalıdır. Yəni hökumətin daha çevik rüsum siyasəti aparması, bazarlardakı proseslərə reaksiya verməsi əslində sahibkarların da neqativ qiymətləndirmələrinin, yaranmış vəziyyətdən sui-istifadə hallarının zaman çərçivəsində məhdudlaşdırılmasına gətirib çıxarır”.
 
Mənbə: Kaspi.az
Aygün Asimqızı

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top