Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Bakı, 3 iyul, Aişə Axundova, AZƏRTAC

Bu il sovet-rus yazıçısı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, Vladimir Osipoviç Boqomolov 1924-cü il iyulun 3-də Moskva vilayətinin Kirillovka kəndində anadan olub, 1941-ci ildə – gənc yaşlarında könüllü olaraq cəbhəyə yollanıb, döyüşlərdə ağır yaralanıb, kəşfiyyatda xidmətdə olub, uzun illər quldur dəstələrinə qarşı mübarizədə iştirak edib. Yazıçının özünün sonralar xatırladığı kimi: “…bizim nəsil üçün hər hansı başqa qərar və davranış qeyri-təbii, vəhşi, anlaşılmaz idi…”.

Müharibədən sonrakı illərdə dövri mətbuat səhifələrində və ayrı-ayrı nəşrlərdə istedadlı yazıçının hərbi mövzulara və müharibədən sonrakı nəslin taleyinə həsr etdiyi əsərlər, o cümlədən “İvan” povesti, “44-cü ilin avqustunda” (“Həqiqət anı”) romanı, “İlk məhəbbət”, “Ürəyimin ağrısı”, “Belostok yaxınlığındakı qəbiristanlıq”, “Zosya” və s. bir-birinin ardınca nəşr olunmağa başladı və ona geniş oxucu kütləsinin hörmətini qazandırdı.

2003-cü ildə yazıçı dünya ədəbiyyatına görkəmli töhfələrinə, “amansız hərb sənətinin humanistləşdirilməsinə” görə diplom və UNESCO-nun medalı ilə təltif edilib.

1962-ci ildə rejissor Andrey Tarkovski Vladimir Boqomolovun “İvan” povestini – müharibə zamanı bütün ailəsini itirmiş və düşmən xəttinin arxasında kəşfiyyatçı olmuş 12 yaşlı uşağın faciəli hekayəsini lentə alıb. Bu, A. Tarkovskinin kinoda ilk müəllif işi idi. “İvanın uşaqlığı” adlanan filmdə böyük kino istedadına malik olan rejissor dözülməz müharibə şəraitində böyüyən uşağın taleyini, müharibədə xoşbəxtlik tapmağın mümkünsüzlüyünü təsvir edib.

“İvanın uşaqlığı” filmi həmin illərdə çəkilmiş “Durnalar uçur”, “Əsgər balladası”, “İnsan taleyi” və digər hərbi dramlarla yanaşı qırılan insan taleyindən bəhs edir və dünya miqyasında şöhrət qazanıb. 1963-cü ildə bu film 23-cü Venesiya Beynəlxalq Film Festivalının baş mükafatına – “Qızıl şir”ə layiq görülüb.

Vladimir Boqomolovun əsərləri əsasında çəkilən, Polşada faşistlərdən azad edilmiş bir kənddə sovet zabitinin və polşalı qızın məhəbbətindən bəhs edən “Zosya” filmi, habelə kəşfiyyatçıların müharibədə gündəlik həyatından bəhs edən “44-cü ilin avqustunda” və digər ekran əsərləri sovet kinematoqrafiyasının şedevrlərindən sayılır.

Yazıçı 2003-cü il dekabrın 30-da uzun sürən ağır xəstəlikdən sonra vəfat edib və Moskvadakı Vaqankov qəbiristanlığında dəfn olunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top