Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Şuşa, 3 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarına əsasən, 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Prezidentin 2020-ci il 29 oktyabr tarixli Fərmanının 7.8-ci bəndinə və Prezident Administrasiyası rəhbərinin 2023-cü il 26 sentyabr tarixli Sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən 196-sı Şuşa şəhərində olmaqla, 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması həyata keçirilib.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib.

Onun sözlərinə görə, dövlət mühafizəsində olan 705 abidədən 163-də inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərinin aparılmasında çətinlik törədir.

“İnventarlaşdırılma işləri zamanı bir sıra abidələrin, o cümlədən İslam dini abidələrinin ermənilər vandalizmə məruz qaldığı, təhqir edildiyi, tövlə kimi istifadə olunduğu müəyyən edilib. Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılmış, ya da təhqir edilmişdir. 2020-ci və 2023-cü illərdə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşdırma işlərinin nəticələrinə əsasən, ilkin mərhələdə 300-dən çox tarix və mədəniyyət abidəsinin vəziyyətinin təhlili nəticəsində məlum olmuşdur ki, dövlət qeydiyyatında olan 51 abidə tamamilə dağılmış, 120-dən çox abidə isə qismən dağılmış və ya qəzalı vəziyyətdədir. Bu statistik rəqəmlər ilkin nəticələrdir və tərəfimizdən müvafiq işlər davam etdirilir”, – deyə o əlavə edib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top