® Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunda beynəlxalq elmi konfrans keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

® Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Nəsil Qrup MMC şirkətinin birgə təşkilatçılığı ilə “Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev konfransda çıxış edərək idarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin il ərzində mütəmadi olaraq yerli mütəxəssislərin beynəlxalq təcrübədən faydalanması üçün müxtəlif elmi tədbirlər təşkil etdiyini, konfransın bilik və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına inandığını bildirib, iştirakçıları müzakirələrdə fəal iştirak etməyə çağırıb.

Hospitalın rəisi, baş həkim Bəxtiyar Musayev xəstəxanadaxili infeksiyalarla mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən İnfeksiyaya Nəzarət Komissiyasının fəaliyyəti barədə məlumat verib.

Konfransın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin sektor müdiri Vüsalə Səfərova və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva faydalı mövzuya həsr olunan elmi tədbirin işinə uğurlar arzulayıblar.

Konfrans mikrobiologiya üzrə uzman, İstanbul Hippokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Mərkəzi Laboratoriyasının rəisi Elvin Bayramovun moderatorluğu ilə “Antibiotik rezistentliyi ilə mübarizədə mikrobioloji diaqnostikanın rolu və antibiotikterapiya” və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb üzrə fəlsəfə doktoru Nabil Seyidovun moderatorluğu ilə “Xəstəxanadaxili infeksiyalara nəzarətin əhəmiyyəti və infeksion kontrol” paneli ilə işinə davam edib.

Konfransda Mərkəzi Gömrük Hospitalının həkimləri-Laboratoriya şöbəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə İbrahimova “İnfeksion xəstəliklərdə molekulyar-diaqnostik və immunoloji üsulların əhəmiyyəti”, anestezioloq-reanimatoloqu Sevda Hüseynova “Sepsis: Reanimatoloqun gözü ilə”, Urologiya şöbəsinin rəisi, həkim-uroloq Bəhruz Xalıqov “Kateterə bağlı sidik yolu infeksiyaları”, həkim-infeksionist Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalının infeksiyaya nəzarət sahəsində mövcud təcrübəsi”, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-mikrobioloqu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktorantı Leyla Həşimova “Mikrobioloji laboratoriyada innovativ sistemlər” və Azərbaycan Tibb Universitetinin tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, analitik ekspertiza mərkəzinin eksperti Həyat Əliyeva “Sepsisin diaqnostikasına müasir yanaşma” mövzularında təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar.

Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanan və 300 nəfərədək həkimin hibrid formatda iştirak etdiyi konfrans Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top