MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

belediyye

Vətəndaşların bələdiyyələrə daha tez-tez üz tutması onlara artan etimaddan xəbər verir

Aprelin 29-da Ucarda Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rəsmi şəxslərlə yanaşı, qeyri-hökumət təşkilatlarının, respublikanın kənd bələdiyyələrinin və Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Yığıncaqda Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyevin hesabat məruzəsi dinlənilib, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin deputatı Rüstəm Xəlilov, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Hafiz Əliyev və başqaları çıxış ediblər.

Məruzə və çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində dövlət idarəçiliyi sistemi daim təkmilləşir, bələdiyyələrin qanunvericilik bazası möhkəmlənir və onların fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Hesabat ilində yerli özünüidarəetmə orqanlarının beynəlxalq standartlara cavab verən hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlıq əlaqələri davam etdirilib.

Kənd bələdiyyələri hesabat ilində yerli əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edib. Belə ki, 21 istiqamət üzrə ümumi dəyəri 5,9 milyon manatdan çox olan müxtəlif xarakterli 3267 sosial layihə reallaşdırılıb. Cari ildə isə kənd bələdiyyələri tərəfindən, ümumilikdə, 9,3 milyon manat dəyərində müxtəlif istiqamətli 4163 layihənin həyata keçirilməsi nəzərdə tutulur.

“Çoxmədəniyyətli cəmiyyətdə birgə yaşamaq: qarşılıqlı hörmət, dialoqun dəstəklənməsi, birgə hərəkət” devizi altında oktyabrın 31-dən noyabrın 6-dək bələdiyyələrdə keçirilən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 5721 görüş olub və bu zaman 39212 nəfər vətəndaş qəbul edilib. Vətəndaşların müraciətlərinin əvvəlki illə müqayisədə 13,3 faiz çoxalması onların bələdiyyələrə etimadının artması kimi qiymətləndirilir.

Yığıncaqda bələdiyyələrin əsas maliyyə mənbəyi olan yerli büdcənin formalaşmasında mühüm yer tutan vergi və ödənişlərin toplanılması ilə əlaqədar müsbət irəliləyişlərin baş verməsinə baxmayaraq, bu sahədə vergi ödəyiciləri ilə aparılan işin qənaətbəxş olmadığı vurğulanıb.

Qeyd olunub ki, nəzarət və uçotun aparılmasını, bələdiyyələrin fəaliyyətində tam şəffaflığı təmin etmək məqsədilə ötən ilin sentyabr ayında ölkə bələdiyyələrində ilk dəfə tətbiq edilən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS) qısa zamanda müsbət nəticələr verib və işdə ciddi dönüş yaradıb. Qərara alınıb ki, BAMS üzrə aparılan işlər davam etdirilməli, mövcud iqtisadi şəraitə uyğun olaraq yeni müəssisə və xidmət sahələri qurulmalıdır. Habelə yerli ödənişlərin nağdsız – bank və uçot müəssisələrindən başqa mobil vasitələr və ya stasionar qurğulardan istifadə etməklə onlayn qaydada həyata keçirilməsini təmin etmək məqsədilə bələdiyyələrə hərtərəfli praktik köməyin göstərilməsi də diqqətdə saxlanılmalıdır.

Milli Assosiasiyanın yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrinin bundan sonra da davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Sonda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, Assosiasiyanın cari il üçün büdcəsi təsdiqlənib, həmçinin təşkilati məsələlərə baxılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top