Varşava Beynəlxalq Kitab Sərgisində Azərbaycan yazıçılarının da əsərləri nümayiş olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Varşava Beynəlxalq Kitab Sərgisində Azərbaycan yazıçılarının da əsərləri nümayiş olunub

Vyana, 4 iyun, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyi Polşa Tatarları İttifaqı ilə birgə Varşava Beynəlxalq Kitab Sərgisində iştirak edib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın fəxri qonaq qismində qatıldığı sərginin builki gündəliyi zəngin və rəngarəng olub. Sərgi müəlliflərlə görüşlər, ədəbi debatlar, avtoqraf sessiyaları və s. tədbirləri əhatə edib. Ümumilikdə 500-dən çox nümayəndənin iştirak etdiyi sərgi Varşava Mədəniyyət və Elm Sarayında keçirilib. Sərgi çərçivəsində əsasən tanınmış müəlliflərin imza günləri, oxu saatları, ədəbi müzakirələr və konsert proqramları olmaqla 4 gün ərzində çoxsaylı tədbirlər təşkil edilib.

Sərgidə, həmçinin Azərbaycanın Polşadakı səfirliyi tərəfindən təqdim edilən kitablar da nümayiş olunub. Kitablar arasında “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, dahi Azərbaycan şairi Füzulinin qəzəlləri, Azərbaycan aforizmləri, eləcə də digər görkəmli şair və yazıçılarımızın polyak dilinə tərcümə edilmiş əsərləri yer alıb. Ziyarətçilərə kitablar barədə məlumat verilib.

Səfiriyin Polşa Respublikasının Müsəlman Dini Birliyi ilə birgə stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Varşava Beynəlxalq Kitab Sərgisi Avropada ənənəvi olaraq keçirilən və hər il yüz minlərlə oxucunun maraq göstərdiyi ən nüfuzlu kitab sərgilərindən hesab olunur.

Qeyd edək ki, səfirlik ötən il bu sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə iştirak edib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top