MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

inkisaf

UZUNMÜDDƏTLİ VƏ TARAZLI SOSİAL-İQTİSADİ İNKİŞAF – TƏHLİL

Sosial-iqtisadi inkişafın layiqincə yeni mərhələyə keçməsi gözlənilən müsbət nailiyyətlərə gətirib çıxarıb. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsindən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.

Birmənalı olaraq qeyd edə bilərəm ki, üzümüzə gələn illərdə sosial-iqtisadi inkişaf daha da sürətli və keyfiyyətli inkişaf edərək, əhalinin rifahına müsbət təsir göstərəcək.

Məsələn, büdcənin  sosialyönümlülüyü təmin ediləcək.  Bu əsasda əməyin ödənişi, təqaüdlər  və sosial  müavinətlər,  o  cümlədən əhalinin  aztəminatlı  təbəqələrinin  sosial  müdafiəsinin  möhkəmləndirilməsi  üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq.

Əhalinin, xüsusilə də həssas qrupların, müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin sosial təminatı üzrə həyata  keçirilən  dövlət  siyasətinin  maliyyələşdirilməsinə əhəmiyyət veriləcək. Ortamüddətli  dövr ərzində büdcə gəlirlərinin  artırılması  nəticəsində cəlb  ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yardıma ehtiyacı olan vətəndaşlara  hədəflənmiş  sosial  proqramların  həyata  keçirilməsinə yönəldiləcək.

Özünüməşğulluq proqramı çərçivəsində əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğuna və kiçik biznesə çıxışına şərait yaradılmasına dəstək verilməsi davam etdiriləcək.

Ümumiyyətlə, 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 584 milyon 408 min manat olacaq.

Dövlət büdcəsində iqtisadi fəaliyyət xərclərinin 5,4 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 1,94 milyard manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) olacaq.

Hər zaman olduğu kimi, dövlət yenə də müdafiə və təhlükəsizlik xərclərini xüsusi diqqətdə saxlayır. Çünki İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərdən sonra işğaldan azad edilən ərazilərimizdə  Azərbaycan Silahlı Qüvvələrinin yeni hərbi birləşmələri yaradılmalı, ordunun maddi-texniki təchizatı daha da yaxşılaşdırılmalıdır. Bu səbəbdən də hərbi xərclərin artırılması labüddür.

2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. Bu, məğlub Ermənistanın dövlət büdcəsindən çoxdur.

Həmçinin sənəddə müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası məsələsi də yer alıb.

Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü, 30 il davam  edən işğal nəticəsində rayon və şəhərlərimiz, o cümlədən yüzlərlə yaşayış məntəqəsi, yaşayış evləri, dövlət əmlakı və xüsusi əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız  hala  salınıb. Döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra işğaldan azad  edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsinə, mina təmizləmə tədbirlərinin təşkil  olunmasına başlanılıb. Həmçinin Qarabağda su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası,  yol  infrastrukturunun   qurulması  prosesi davam edir.

Bu ildən başlayaraq,  növbəti  illər ərzində də bu  tədbirlərin daha geniş miqyasda davam etdirilməsinə, öz  doğma yurdlarına qayıdan  vətəndaşlarımızın  yaşayışı  və işgüzar fəaliyyəti üçün  şəraitin  təşkil  edilməsinə, sözügedən ərazilərdə iqtisadi  fəaliyyətin  bərpa  olunması istiqamətində tədbirlərin  maliyyələşdirilməsinə ehtiyac  var. Bununla yanaşı, döyüş bölgəsindən kənarda yerləşən və düşmənin silahlı    qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış  məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması nəzərdə tutulub. Eyni zamanda hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin  yaxşılaşdırılması istiqamətində dəstəyin  göstərilməsi,  onların  zəruri  ehtiyaclarının    təmin  edilməsi,  maddi,  tibbi  və digər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzindədir.

Ortamüddətli dövrdə dövlət büdcəsi investisiyalar üçün kifayət qədər imkan yaradacaq. Bu əsasda dövlət investisiya proqramı xətti  ilə, xüsusilə azad  edilmiş torpaqlarda görüləcək işlərə dəstək vermək üçün müvafiq vəsait  nəzərdə tutulub. İşğaldan azad  edilmiş ərazilərdə görüləcək  işlərin  səmərəliliyinin  artırılması,  o  cümlədən mərkəzləşdirilmiş qaydada həlli məqsədilə nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək. Bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi  innovasiyaların tətbiqi  ilə yenidən  qurulması  və eyni  zamanda  azad  edilmiş ərazilərdə kifayət  qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin  şəhər  və kəndləri  “smart-city”  (“ağıllı  şəhər”),  “smart-village”  (“ağıllı  kənd”) konsepsiyası əsasında  yenidən  qurulacaq ki,  bu  da  öz  növbəsində həmin  bölgədə turizm sahəsinin  bütün  növlərinin ən  müasir  səviyyədə təşkil  və inkişaf  etdirilməsinə şərait yaradacaq. Bu məqsədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitlə yanaşı, yerli şirkətlərin rolunun artırılması, o cümlədən xarici investorların bu işlərə cəlb edilməsi də öz müsbət töhfəsini verəcək.

Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq.  Bu ərazilərin  reinteqrasiyası  ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaq. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top