MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

15916079855297765288_367x266

Türkiyədə keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi Zirvəsinin vaxtı yenidən dəyişib

Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan XXIII Avrasiya İqtisadi Zirvə toplantısının keçirilmə vaxtı yenidən dəyişib.

“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver AZƏRTAC-a bildirib ki, koronavirus (COVID-19) infeksiyası riski səbəbindən iyulun 7-dən 9-dək təşkili nəzərdə tutulan Avrasiya İqtisadi Zirvəsinin oktyabrın 7-9-da keçirilməsi barədə qərar qəbul edilib.
Cari ilin payızında keçirilməsi nəzərdə tutulan tədbirin gündəliyi ilə bağlı sualı cavablandıran professor A.Suver deyib: “İndiyədək Avrasiya İqtisadi Zirvəsində beynəlxalq aləm üçün ən aktual məsələlər müzakirə olunub. XXIII Zirvə toplantısının gündəliyində ölkələr arasındakı ikitərəfli əlaqələr, dünyadakı ikili standartların aradan qaldırılmasının yolları, o cümlədən “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyəti kimi mövzular yer alıb. Budəfəki Avrasiya Zirvəsinin müzakirə edəcəyi məsələlər beynəlxalq aləmi düşündürən, gündəlikdə olan ən aktual problemlərdir. Qeyd etmək istərdim ki, COVID-19 pandemiyası millətlərin birlikdə çalışması üçün zərurətləri ortaya qoyub. Artıq hamı qəbul edir ki, anlaşılmazlıqların aradan qaldırılması üçün vaxt itirmədən beynəlxalq səviyyədə və birgə olmaqla səs qaldırmağın vaxtıdır”.

– Akkan bəy, təcrübəli jurnalist və ictimai xadim olaraq COVID-19 pandemiyasından sonrakı dövrü necə dəyərləndirirsiniz?
– Dünənə qədər kompüterlərimizi təhdid edən viruslar meydan oxuyurdusa, hazırda canlı bir infeksiya insanları hədəf alıb. Həyatı durma nöqtəsinə qədər sıxışdıran bu virus insanların yaşam tərzini dəyişdirib. Məlum pandemiya dövründə yaşadıqlarımız göstərdi ki, insan cəmiyyəti bütün şəraitlərdə yaşamağı bacaran bir varlıqdır. Ona görə də, mühakimə yürüdə bilərik ki, böhrandan sonrakı dövrdə “yeni bir həyat standartı” formalaşacaq. Avrasiya İqtisadi Zirvəsində iştirakçı prezidentlərin çıxış edəcəkləri paneldə COVID-19 pandemiyasından sonrakı dövrdə yeni dünya düzənində qloballaşma və ikitərəfli münasibətlərin inkişafı mövzusu nəzərdə tutulub. Bu paneldə əsasən yaxın gələcəkdə liderliyin şərtləri müzakirə olunacaq. Qeyd etməliyəm ki, siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə sülh və inkişaf gerçəkliyi kimi qəbul etdiyimiz “Bir kəmər, bir yol” layihəsi məlum infeksiya dövründə və eləcə də ondan sonrakı proseslərdə əhəmiyyətini daha da artırıb. Düşünürəm ki, bu layihə ilə bağlı Avrasiya Zirvəsində mühüm çağırışlar eşidiləcək.
Qeyd edək ki, Avrasiya İqtisadi Zirvəsinin ilk olaraq aprelin 7-dən 9-dək keçirilməsi nəzərdə tutulurdu. Dünyanın ayrı-ayrı ölkələrindən, o cümlədən Azərbaycandan toplantıya dəvət olunanlar tədbirin vaxtının ikinci dəfə dəyişdirilməsi ilə bağlı məlumatlandırılıblar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top