Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ankara, 2 iyul, Elmir Səftərov, AZƏRTAC

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinin ikinci günündə-iyulun 2-də media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, Polis Akademiyasında keçirilən təlimdə ilkin tibbi yardımın göstərilməsi praktiki şəkildə izah edilib.

Təlimçilər zədə almış şəxsə həkim gələnədək ilkin tibbi yardım haqqında xüsusi təlim proqramı təqdim ediblər.

media nümayəndələri hər hansı qəza və ya həyati təhlükə yaranan vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində tibbi ləvazimatsız, mövcud vəsaitlərlə, dərmansız müalicəni praktiki şəkildə təkrarlayıblar.

Həmçinin dərsdə sınıq, qanaxma, yanıq və digər vəziyyətlər zamanı necə davranılması ətraflı izah edilib, əyani məşğələlər keçirilib.

Təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da iştirak edir.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə hallar zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.

Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top