Təlimlərin 10-cu günü təbii fəlakətlər zamanı davranış qaydaları dərsi ilə yekunlaşıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Təlimlərin 10-cu günü təbii fəlakətlər zamanı davranış qaydaları dərsi ilə yekunlaşıb

Ankara, 11 iyul, Elmir Səftərov, AZƏRTAC

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərinin 10-cu günü təbii fəlakətlər zamanı davranış qaydaları dərsi ilə yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, iyulun 10-da media nümayəndələri Fövqəladə Halların İdarə Olunması Agentliyində (AFAD) olublar. Onlara təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı düzgün davranış qaydaları izah olunub. Həmçinin fəlakətlər zamanı yaranan qorxu hissini aradan qaldırmaq məqsədilə psixoloji söhbətlər aparılıb.

Sonra alpinist ləvazimatlarından istifadə edən media nümayəndələri divara dırmanıblar.

Təlim iştirakçılarına Türkiyədəki sel, daşqın, meşə yanğınları və zəlzələ bölgəsinin xəritəsi göstərilib. Müxtəlif ölkələrdən olan media subyektlərinin nümayəndələrinə helikopterə təhülkəsiz yaxınlaşma, minmə və enmə üsulları izah olunduqdan sonra onlar bunu praktiki şəkildə icra ediblər. Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb.

Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər. Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top