Taxıl biçilmiş sahələrdə təkrar səpinə başlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Taxıl biçilmiş sahələrdə təkrar səpinə başlanıb

Respublikamızda dən və yaşıl yem istehsalının artırılması məqsədilə taxıl biçinindən sonra təkrar əkinlərinin aparılmasına başlanıb. Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC  və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırılıb.

Yaxın günlərdə 35 rayon üzrə 50 min hektardan artıq ərazidə  qarğıdalı əkinlərinin aparılması planlaşdırılıb. Aqrar Elm və İnnovasiya Mərkəzinin müəssisələri ərazisində isə 560 hektar ərazidə təkrar əkin aparılacaq. 

Artıq Beyləqan və Kürdəmir rayonlarında yerləşən regional aqrar elm və innovasiya mərkəzlərinin ərazisində səpin prosesinə start verilib. Mərkəzin direktoru İmran Cümşüdov, şöbə müdiri Nicat Nəsirli, eləcə də Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev yerlərdə səpin prosesini nəzərdən keçirib, qarşıya çıxan aqrotexniki məsələlərə aydınlıq gətiriblər.

“Payızlıq taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra həmin sahəyə yenidən taxıl əkmək üçün 90-120 gün sahə boş qalır. Bu müddətdə vegetasiya müddəti qısa olan bitkilərdən istifadə etməklə əlavə ikinci məhsul almaq mümkündür. Bu məqsədlə 80-90 günlük qarğıdalı, günəbaxan, soya, darı və s. bitkilərin toxumları səpilə bilər. Təkrar əkinlərin tətbiqi nəticəsində – fermerlər əkin sahəsindən səmərəli istifadə edərək bir təsərrüfat ilində iki məhsul əldə edir, təkrar əkinlərin tətbiqi nəticəsində fermerlər qarğıdalı əkinindən 50-60 sentner dən, 300-400 sentner yaşıl kütlə əldə etmiş olur” – deyə İmran Cümşüdov bildirib.  

Qeyd edək ki, ölkədə əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə, taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkin aparılaraq strukturunun yaxşılaşdırılması, fermerlərin daha çox gəlir əldə edərək əvəzində ölkədə yem ehtiyatının daha da zənginləşdirilməsi məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılması üçün fermerlərə toxum dəstəyinin verilməsi qərara alınıb. Hesablamalar göstərir ki, Aran iqtisadi rayonu üzrə  təxminən 100 min hektarda təkrar qarğıdalı əkini aparmaq üçün potensial mövcuddur. Taxıl biçini başa çatdıqdan sonra boş qalan ərazilərdə təkrar qarğıdalı əkini aparacaq fermerlərə toxum təminatını ödəmək məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsait ödəniləcək. Toxumu fermerlər özləri alacaq, vəsait isə onların “Fermer kartı”na Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən köçürüləcək. 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top