MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Iqtisadiyyat

Tarif (qiymət) Şurasının iclası keçirilmiş və daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
2016-cı il 5 aprel tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənmişdir.
Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilmişdir. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcəkdir.
Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınmış, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilmişdir.
Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilmişdir.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilmiş, hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilmişdir. Yeni tariflər 2016-cı il 6 aprel tarixindən qüvvəyə minəcəkdir.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilmişdir (keçid http://tariff.gov.az/documents/N5-Ə1.pdf).

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top