MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

araq

Spirtli içkilərin nağd pula satışına dair cinayət işləri baş verərsə…

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli fərmanında dəyişikliklər edib.

Economic.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən Vergilər Nazirliyinin səlahiyyətləri artırılıb.

Başqa sözlə, 20 oktyabr 2015-ci ildə Cinayət Məcəlləsinə aksiz markası ilə markalanmalı olan məhsullarla bağlı 213-1.3 və 213-1.4 maddələri əlavə edilib. Beləliklə, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər külli miqdarda törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Fərmana edilən dəyişikliyə əsasən bu maddələrdə nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Vergilər Nazirliyi tərəfindən aparılacaq.

Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaqı isə bu işi başlamış Vergilər Nazirliyi və ya Dövlət Gömrük Komitəsi aparacaq. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top