Sofiyada Bolqarıstan-Azərbaycan Biznes Forumu keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sofiyada Bolqarıstan-Azərbaycan Biznes Forumu keçirilib

Noyabrın 7-də Sofiyada yerləşən “Sofia Balkan” otelində Bolqarıstan-Azərbaycan Biznes forumu keçirilib. Tədbir Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində baş tutub.

Economic“ə verilən məlumata görə. tədbiri  giriş sözü ilə açan Bolqarıstanın energetika naziri Temenujka Petkova Azərbaycan heyətini Bolqarıstanda görməkdən məmnun olduğunu bildirib, ölkəmizin uğurlu inkişaf yolunda olduğunu vurğulayıb. Azərbaycanın Bolqarıstanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir kənd təsərrüfatı, sənaye, əczaçılıq, kimya və digər sahələrdə birgə müəssisələrin yaradılması üçün əməkdaşlıq imkanlarının olduğunu deyib, biznes forumun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olacağını vurğulayıb. Bolqarıstan şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran xanım Temenujka Petkova Forumun işinə uğurlar arzulayıb.

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizin son illərdə sürətli inkişafa nail olduğunu deyib. Nazir bildirib ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Xüsusilə kənd təsərrüfatı sektorunun Azərbaycanda inkişafı barədə danışan nazir bu sektorun vergidən azad olduğunu, xarici investorlar üçün maraq cəlb etdiyini nəzərə çatdırıb. Forumun işinə uğurlar arzulayan İ. Kərimov, bu kimi tədbirlərin ölkələrimiz arasında mal dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması, ikitərəfli əməkdaşlığın daha da güclənməsi istiqamətində mühüm platforma olduğunu vurğulayıb.

Azərbaycanla Bolqarıstan arasında iqtisadi, ticari, elmi-texniki əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayan Bolqarıstan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin direktoru Aleksandr Minev Bolqarıstan hökumətinin ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün yaratdığı əlverişli mühit barədə məlumat verib. Forumun ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin daha da genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə iştirak edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Cənubi Qafqazda ÜDM istehsalının 60 faizdən çoxu Azərbaycanın payına düşdüyünü bildirib. O nəzərə çatdırıb ki, Azərbaycanda aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında ölkənin mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Nazir müavini qeyd edib ki, yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top