MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

socar

SOCAR – UNIPER əməkdaşlığının ilk təməlqoyma mərasimi

Mayın 25-də SOCAR prezidenti Rövnəq Abdullayev və Almaniyanın UNIPER (EON) şirkətinin prezidenti Klaus Şehferin iştirakı ilə Sumqayıt şəhərində bu şirkətlərin Koordinasiya Komitəsinin üçüncü iclası keçirilmişdir.İştirakçılar əvvəlcə, xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Azərikimya” İstehsalat Birliyinin Baş ofisindəki güşəsini ziyarət etmiş, Ulu öndərin büstü önünə gül-çiçək dəstələri düzmüşlər. İclası giriş sözü ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlamış, UNİPER şirkətinin prezidenti Klaus Şehfer səmimi qəbula görə nümayəndə heyəti adından SOCAR rəhbərliyinə minnətdarlığını bildirmişdir. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun və UNIPER şirkətinin vitse-prezidenti Uve Fipin yüksək biliyə, nəzəri, elmi və praktiki potensiala malik mütəxəssislərin yetişdirilməsi və digər sahələrdə həyata keçirilən birgə layihələrlə bağlı təqdimatları dinlənilmişdir. “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara “Azərikimya”da həyata keçirilən yeni layihələr haqqında ətraflı məlumat vermişdir. Sonra SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında saziş imzalanmışdır. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik pay bölgüsünə sahib olacaqlar. Bundan başqa, yeni Buxar Turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanmışdır. Bildirilmişdir ki, qurğunun inşası Birliyin Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır. Sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və UNIPER şirkətinin prezidenti Klaus Şehfer imzalamışlar.

Sonra iki şirkətin nümayəndələri Etilen-polietilen zavoduna gəlmiş, ərazi ilə tanış olmuş, zavodun Buxar və elektrik enerjisi istehsalatı ərazisində tikilməsi planlaşdırılan yeni Buxar Turbogenerator qurğusunun təməlqoyma mərasimində iştirak etmiş, ərazidə ağac əkmişlər.

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt Kimya-Sənaye Parkında inşa olunan SOCAR-Polymer zavoduna baş çəkmiş, tikinti işlərinin vəziyyəti ilə tanış olmuşdur. SOCAR prezidenti Rövnəq Abdullayevə “İşlərin gedişi barədə hesabat və təşkilatın icmalı” adlı prezentasiya təqdim edilmişdir. Prezentasiyada münəhdislik, satınalma və inşaat sahələri üzrə işlərin cari vəziyyəti nümayiş etdirilmiş, “SOCAR-Polymer”in gənc əməkdaşları Şirkət rəhbərliyinə təqdim olunmuş, onlar öz iş təcrübələri və layihədə həyata keçirdikləri vəzifələr haqqında məlumat vermiş, layihənin qrafiki, iş prosesində əldə olunan nailiyyətlər, detallı mühəndislik, büdcənin idarə edilməsi və qiymətlərə nəzarət, xərclər, avtomatik idaretmə sistemləri, elektrik mühəndisliyi, insan resursları və təşkilati inkişaf proqramları, təlimlər üzrə ümumi statistik göstəricilər və s. mövzularda ətraflı hesabatla çıxış etmişlər. SOCAR prezidenti Rövnəq Abdullayev layihənin menecerləri sırasında Kembric, Nyukasl və Toronto universitetlərinin məzunu olan azərbaycanlı gənc mütəxəssislərin çalışmasından məmnun olduğunu söyləmiş, onlara uğurlar arzulamış, layihə ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Daha sonra Karbamid zavoduna gələn SOCAR prezidenti Rövnəq Abdullayev görülən işlərlə maraqlanmışdır. SOCAR prezidentinə məruzə edilmişdir ki, layihə üzrə işlərin təxminən 71 faizi tamamlanmış, əsaslı layihələndirmə və satınalma işləri isə, demək olar ki, yekunlaşmışdır. Hazırda özül-fundament işlərinin, infrastruktur layihələrin icrası, yeraltı boruların çəkilməsi və s. işlər davam etdirilir, svayların vurulması başa çatmaq üzrədir. Zavod kompleksi üçün hazırlanması uzun müddət tələb edən əsas avadanlıqlar mərhələli şəkildə inşaat ərazisinə gətirilir. Bildirilmişdir ki, bu avadanlıqlar karbamid istehsalı prosesində istifadə olunacaq orta təzyiqli buxarın istehsalı üçün nəzərdə tutulmuşdur. Növbəti rüb ərzində digər əsas avadanlıqların, o cümlədən ən ağır avadanlıqlardan olan 375 tonluq riforminq sobasının alt konveksiya seksiyasının və 360 tonluq karbamid sintez reaktorunun, həmçinin ən uzun avadanlıq olan 60 metrlik qranulyatorun hava dirəyinin tikinti sahəsinə gətirilməsi planlaşdırılır. Zavodun tikintisinin 2017-ci ilin sonuna qədər tamamlanması, 2018-ci ilin birinci rübündə istismara verilməsi üçün bütün səylərin səfərbər olduğu vurğulanmışdır. SOCAR prezidenti Rövnəq Abdullayev görülmüş işlərdən razı qaldığını bildirmiş, zavod rəhbərliyi ilə müzakirələr aparmış və tikinti işlərinin məqsədyönlü şəkildə davam etdirilməsi üçün müvafiq tapşırıqlarını vermişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top