SOCAR-da Fransa Sahibkarlar Təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

SOCAR-da Fransa Sahibkarlar Təşkilatının nümayəndələri ilə görüş keçirilmişdir

Mayın 12-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Bakıda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyətini qəbul etmişdir.Qonaqları səmimi salamlayan SOCAR prezidenti Azərbaycanda neft işinin qədim tarixindən və neft-qaz sənayesində qazanılan uğurlardan danışmış, ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli enerji layihələri haqqında ətraflı məlumat vermişdir. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən Rövnəq Abdullayev SOCAR ilə Fransa şirkətləri arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu vurğulamış, onların Azərbaycanda həyata keçirilən enerji layihələrində yer aldığını qeyd etmişdir. O, “Abşeron” qaz-kondensat yatağının işlənilməsi üzrə Fransa şirkətləri ilə əməkdaşlığın uğurla davam etdiyini bildirmişdir. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətindən danışan Rövnəq Abdullayev bu layihə üzrə də işlərin qrafikə uyğun şəkildə uğurla irəlilədiyini vurğulamışdır. SOCAR prezidenti investisiya layihələri çərçivəsində Fransa bankları ilə səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırmışdır.

MEDEF-in biznes şurasının prezidenti, SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbon səmimi qəbul üçün rəhbərlik etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirmiş, Azərbaycana səfərdən məmnun olduqlarını qeyd edərək, ölkəmizdə gedən sürətli inkişaf prosesini böyük maraqla izlədiklərini demişdir. O, nümayəndə heyətində 30 şirkətin təmsil olunduğunu, bugünkü görüşdə isə enerji sektoru nümayəndələrinin iştirak etdiyini nəzərə çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və bir sıra nazirlərlə keçirdikləri görüşlər haqqında təəssüratını bölüşən xanım Döbon Azərbaycan və Fransa dövlət başçıları arasında mütəmadi görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını vurğulamışdır. Qonaq Fransa biznes dairələrinin Azərbaycanla əlaqələri daha da inkişaf etdirməyə, hazırda həyata keçirilən və gələcək üçün planlaşdırılan investisiya layihələrində iştiraka hazır olduqlarını bildirmişdir.

MEDEF nümayəndə heyətinin başçısı Bakıda fəaliyyət göstərən Fransız Liseyi Təhsil Kompleksində olduqlarını, Fransa-Azərbaycan əməkdaşlığının məhsulu olan belə yüksək səviyyəli məktəbin ərsəyə gəlməsində və idarə olunmasında SOCAR-ın xüsusi rol oynadığını öyrəndiklərini demiş və buna görə SOCAR rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmış, görüşdə iştirak edən TOTAL E&P Europe & Central Asia Limited, ENGIE, SUEZ və başqa fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top