Şimal bölgəsinin seçiciləri yeddi dairə üzrə 53 namizəd arasında seçim edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şimal bölgəsinin seçiciləri yeddi dairə üzrə 53 namizəd arasında seçim edir

Xaçmaz, 1 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edən dairələr üzrə ümumilikdə 429 məntəqədə səsvermə keçirilir. Seçicilər yeddi seçki dairəsi üzrə namizədliyi qeydə alınan 53 namizəd arasında seçim edirlər.

Şimal bölgəsi üzrə səsvermə hüququ olan 345 min 248 seçici qeydiyyata alınıb.

Bölgənin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan 104 yaşlı Meynas Maqsudovadır.

55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsi dairə seçki komissiyasının sədri Rəşad Nuriyev bildirib ki, seçkilər bütün məntəqələrdə nəzərdə tutulan vaxtda və qaydalara uyğun başlayıb.

“Səsvermənin ilk dəqiqələrindən seçici aktivliyi müşahidə olunur. Bizim dairə üzrə 72 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə 49 mindən çox seçici səs vermək hüququna malikdir. 72 məntəqədə 953 müşahidəçi prosesi izləyir. Səsvermə başlayandan bütün məntəqələrlə əlaqə yaradılıb. Hər şey qaydasındadır”, – deyə Rəşad Nuriyev söyləyib.

Şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələrinin hər biri üzrə seçici fəallığı müşahidə olunur.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.

Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.

Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top