Seymur Orucov: Gənclik davamlı inkişafın əsas qüvvəsidir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Seymur Orucov: Gənclik davamlı inkişafın əsas qüvvəsidir

İstər informasiya texnologiyalarının inkişafı, istərsə də qloballaşma ilə bağlı digər faktorlar təbii ki, gənclərimizi getdikcə dəyişdirir. Ola bilsin bir neçə il əvvəl tədbirlərimizin formatı indikindən fərqli olurdu. İndi sosial şəbəkələr üzərindən həll edirik. Müasir təlim vasitələrindən istifadə olunur.

Müsahibimiz Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovdur

– Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə fikirlərinizi bilmək maraqlı olardı…

-Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir. Bu diqqəti simvolizə edən 2 fevral – Gənclər Günü xüsusi təntənə ilə qeyd olunur.  Bu il də Gənclər Gününə hazırlıqlar başlayıb. İstər region, istər qeyri-hökumət təşkilatları, eləcə də gənclərlə işləyən qurumlar artıq bu günlə bağlı silsilə tədbirlər keçirməyə başlamışlar. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdə fəaliyyət göstərən transmilli şirkətlərdə fəaliyyət göstərirlər. Artıq gənclərdə könüllülük institutu formalaşmağa başlamışdır. Bu da mühüm əlamətdir. Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər dövlətimizin, uyğun olaraq fəaliyyət göstərən nazirliklərimizin əməyi ilə yanaşı, könüllülük qrupunun dəstəyi ilə də ərsəyə gəlir. İdarəetmə prinsipindən könüllülük prinsipinə gəlib çıxmışdır. Bu da ondan xəbər verir ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası özünü doğruldur. Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə möhtərəm Prezident bildirdi ki, gənclər  cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar: “Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar.” Cənab Prezidentin bu görüşündən sonra bir daha əmin olduq ki, Azərbaycan gəncliyi sağlam əllərdədir. Bizim arxamızda güclü Azərbaycan dövləti dayanır. Belə olduqda, təbii ki, biz gənclərin də üzərinə böyük məsuliyyət düşür. Dövlət başçısının qətiyyətli çıxışı isə bu məsuliyyəti daha da dərinləşdirdi.

– Mütəmadi olaraq gənclərlə çalışırsınız, onların əhatəsindəsiniz. Bugünkü gəncliyin  fəaliyyətini necə qiymətləndirirsiniz?

– İstər informasiya texnologiyalarının inkişafı, istərsə də qloballaşma ilə bağlı digər faktorlar təbii ki, gənclərimizi getdikcə dəyişdirir. Ola bilsin bir neçə il əvvəl tədbirlərimizin formatı indikindən fərqli olurdu. İndi sosial şəbəkələr üzərindən həll edirik. Müasir təlim vasitələrindən istifadə olunur. Amma məzmun eynidir. Hesab edirəm ki, getdikcə gənclər daha yararlı olurlar. Xüsusilə region gənclərinin aktivliyini qeyd etməliyəm. Sosial medianın inkişafı bu işdə bizə yaxından kömək edir. Ətrafımız genişlənir. Bu, təbii ki, müsbət göstəricidir. Hesab edirəm ki, dövr dəyişdikcə, gənclərimiz zamanın nəbzini tutmağı bacarırlar.

– Gənclərimizin uğurları sırasında idmançılarımızın nailiyyətlərindən danışmamaq  olmaz…

– Əlbəttə. Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir. Bu gün isə Azərbaycan özünü dünyada idman dövləti kimi göstərir. Bir çox reytinqlərə görə qabaqcıl yerlərdəyik. Yay Olimpiya Oyunlarından sonra bir neçə parametr üzrə təhlil aparılmışdır – ölkələrin əhalisinin sayına görə medalların sayı və ölkələrin ümumi daxili məhsulunun həcminə görə medalların sayı. Hər iki reytinqdə birinci onluqdayıq. Hər il Azərbaycan idmançıları özlərini daha yaxşı inkişaf etdirirlər. Ötən il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələr bu fikri bir daha sübut edir. Bundan başqa, dünya, Avropa çempionatları, yeniyetmələr arasında keçirilən yarışlar və s. kimi müxtəlif sayda yarışlarda əldə etdiyimiz medallar və qələbələr bir daha deməyə əsas verir ki, gənclərimiz doğru yoldadır. Hesab edirəm ki, bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da kifayət qədər yüksək nəticələrimiz olacaq.

– Xaricdə təhsil alıb gələn gənclərimizin potensialından kifayət qədər yararlana bilirikmi?

– Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərmələri dövlətin bu sektora olan etibarının nəticəsidir.  Gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan Ulu Öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Bu gün xarici ölkələrdə Dövlət Neft Fondunun vəsaitləri hesabına təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq, respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verərək xalqımızın qürur mənbəyinə çevriləcəklər. Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu nəticələri kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər.

– Gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

– Ölkədə gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yüksək şərait və imkan yaradılıb. Ölkəmizdə dövlət qeydiyyatından keçən onlarla  gənclər təşkilatı var, yüzlərlə gənc liderlər yetişib.

Azərbaycan gəncləri həm də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Onların xarici ölkələrdə təşkilatlanması prosesi uğurla gedir. Azərbaycan gəncliyi bu gün həm də Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə, Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur.  Bir dövlətin, dövlət başçısının gənclərə, gəncliyə olan münasibəti məhz belə olmalıdır. Əks təqdirdə ölkədə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərməzdi, dövlət idarə və müəssisələrində gənclərin yeri və rolu görünməzdi, hər il onlarla gənc təhsil almaq üçün nüfuzlu xarici ölkə universitetlərinə göndərilməzdi. Bu gün sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Onlar parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təbii ki, bütün bunlar cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən inamı doğrultmağa çalışırlar. Mütəmadi olaraq tələbə gənclər təşkilatları üzvlərinin və fəal tələbələrin, gənc alimlərin müxtəlif beynəlxalq müsabiqələrdə, elmi konfranslarda, simpozium və seminarlarda iştirakları təmin edilmişdir.  Xaricdə təhsil almaq özü böyük bir göstəricidir. Bəziləri xarici ölkələrin elmi-tədqiqat institutlarında çalışaraq ölkəmizə təbliğ edirlər. Düşünürəm ki, bu, ölkəmizdə neft gəlirlərinin insan kapitalına çevrilməsinin maddi sübutudur. Bilirsiniz ki, ötən il “ADA” Universitetində Təhsil Nazirliyinin layihəsi təqdim edildi ki, hər hansı xaricdə təhsil alıb gələn gəncin ideyası varsa dövlət onları işə qəbul edib, onların təcrübəsindən istifadə edə bilər. Bu gün ölkəmizdə yüksək standartlara  cavab verən universitetlər yaradılıb. Bunlara misal olaraq, “ADA” Universiteti, Bakı Ali Neft Məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı və s. kimi təhsil ocaqlarını göstərə bilərəm.

– Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz? Partiyanın bu yöndəki siyasətinin əsasını hansı amillər təşkil edir?

– Yeni Azərbaycan Partiyasının gənclər siyasətində bir sıra prioritet istiqamətlər mövcuddur. Bununla bağlı üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma, beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə mütəxəssis qismində təmsil olunma. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını da ildən-ilə artırır. Seçki prosesində gənclərin iştirakı, parlament və bələdiyyələrdə təmsil olunmaları buna misaldır. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış gənc millət vəkillərimiz var. Ölkədə keçirilən bələdiyyə seçkilərində xeyli sayda gənc qələbə qazandı. Bu proses göstərir ki, özünə inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə istər internet forumlardakı aksiyalarda, istər beynəlxalq tədbirlərə qatılmaq nöqteyi-nəzərindən bütün proseslərdə gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə gənclərin fəallığından irəli gəlir. Elə dövlət və qeyri-hökumət strukturu yoxdur ki, orada gənclər təmsil olunmasın. Bu gün partiyamızın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. Bu, kifayət qədər böyük bir qüvvədir. Hesab edirəm ki, Azərbaycan gənclərinin YAP-ın sıralarına qoşulmasının çox ciddi əsasları var. Bu ilk növbədə, onların Heydər Əliyev ideyalarına sadiqliyi və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır. Eyni zamanda, burada YAP-ın gənclər üçün böyük imkanlar yaratması da xüsusi rol oynayır. Yəni, partiyamız gənclərə öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün bütün imkanlar yaradıb. Məhz bunun nəticəsidir ki, partiyamızın sıralarında yüksək intellektli gənclər birləşib.

– Gənclər siyasəti çərçivəsində həyata keçirilən Dövlət Proqramlarının üstünlüyü və əhəmiyyəti nədən ibarətdir?

-Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar, layihələr həyata keçirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti olmuşdur. Prezident İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzalanmışdır. Dövlət Proqramının əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illər görülən işlər öz müsbət nəticələrini verir.

– Bu gün gənclərimizin beynəlxalq müstəvidə özünütəsdiq imkanları hansı səviyyədədir?

– Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Avropa Gənclər Forumunun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan qədər fəallıq göstərən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədrliyi ilə Rusiya Federasiyasında Azərbaycanlı Gənclər Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın dünyanın böyük dövlətlərində Azərbaycan həqiqətlərinin çatdırılmasında rolu xüsusi vurğulanmalıdır. Eləcə də ABŞ-da, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər. Ötən illərdə gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova, 
Vüsal Cahanov, (foto) “İki sahil”

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top