MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

telefon

Səyahət edən şəxslər və iş adamları üçün yeni imkanlar açılır

ECONOMİC: Pandemiyanın yaratdığı böhran həyatımızı çətinləşdirdikcə insanlar alternativ çıxış yollarına köklənməyə çalışır. EU4Digital təşəbbüsünün dəstəyi ilə altı Şərqi tərəfdaşlıq ölkəsi – Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan arasında vahid rouminq məkanının yaradılması istiqamətində işlər gedir.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə layihəni Azərbaycan üçün “qaçılmaz fürsət” adlandırıraq qeyd edib ki, Regional Rouminq Razılaşmasına əsasən rouminq qiymətlərinin 2026-cı ilə qədər 87 faizə qədər ucuzlaşması gözlənilir.

2019-cu ilin fevralında Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına üzv ölkələr arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı edilməsi, vahid beynəlxalq rouminq məkanının yaradılması imkanının tədqiqinə dair razılığa gəlinib. Gələcəkdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında da sərfəli şərtlərlə rouminq xidmətləri təklif ediləcək.

“Evdəki kimi rouminq”

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri (DG NEAR) üzrə baş direktorunun müavini Katarina Maternovanın fikrincə, Regional Rouminq Razılaşması Avropa İttifaqının (Aİ) on ildən çox dövrü əhatə edən rouminq tənzimləməsi təcrübəsinə əsaslanır: “Aİ-nin bu təcrübəsi hər kəs üçün daha yaxşı əlaqə, daha geniş əhatə dairəsi və daha aşağı qiymətlər təmin edərək öz səmərəsini aydın şəkildə göstərib”.

Aİ-nin “Evdəki kimi rouminq” (RLAH) razılaşması 2017-ci ildə qüvvəyə minib. Cəmi iki il sonra, yəni 2019-cu ilin yayında Aİ-də rouminq istifadəçilərinin sayı müqavilədən öncəki illə müqayisədə on yeddi dəfə çox olub.

Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri Təşkilatının Rouminq üzrə İşçi Qrupunun (BEREC) həmsədrləri Elizabet Felber və Yoanna Çudalaki “evdəki kimi rouminq” razılaşmasını böyük uğur hesab edir: “BEREC-ın müntəzəm məlumat toplama əməliyyatları rabitə sahəsində maneələrin aradan qaldırılması ilə rouminq istehlakında əhəmiyyətli artım olduğunu göstərir. Rouminq tənzimləməsi vahid Avropa bazarını daha da gücləndirib. Bu təkcə istehlakçıların deyil, ayrı-ayrılıqda hər bir üzv ölkənın, bütövlükdə Aİ cəmiyyətinin və iqtisadiyyatının xeyrinədir”.

Razılaşmanın faydası

Ümumilikdə, Regional Rouminq Razılaşmasının müsbət təsiri 4,6 milyon avro dəyərində qiymətləndirilir. Razılaşmanın 2021-ci ilin payızında imzalanması və 2022-ci ildə qüvvəyə minməsi gözlənilir. Nəticədə 2026-cı ildə müştərilərin rouminq xərclərinin maksimum azalacağı gözlənilir.

Razılaşmanın müəyyən edilən məqsədlərə çatmasında icrası üzrə lazım olan qanuni düzəlişlərin qəbulu nəzərdə tutulub. EU4Digital Proqramının Telekommunikasiya qaydaları layihəsinin rəhbəri Andres Dombrovoskis bildirib: “Razılaşmanı imzalayan Şərq Tərəfdaşlığı ölkələrində, rouminq qiymətlərinin mobil telefondan istifadəyə təsir göstərməyəcək həddə qədər tədricən azalması nəzərdə tutulur. Rouminq xərclərində azalma ölkədən-ölkəyə fərqlənir. Razılaşmaya görə, Azərbaycan da daxil olmaqla altı tərəfdaş ölkədəki müştərilərin rouminq xərclərinin 87 faizə qədər azalması nəzərdə tutulur. Razılaşmanın təsiri 2022-ci il 1 yanvar tarixindən hiss olunacaq, sonrakı illərdə isə növbəti addımlar atılacaq. Milli rəqabət şərtlərini əks etdirən yekun yanaşma ilə xidmətlər üçün daxili qiymət tənzimləyici operatorun qiymətinə əlavə ediləcək və müştəri üçün yekun qiymət təyin olunacaq”.

Andres Dombrovoskisin fikrincə, Azərbaycanda mobil xidmət qiymətlərinin nisbətən aşağı olması fonunda bu çox yaxşı yanaşma hesab edilə bilər. Regional Rouminq Razılaşması imzalandıqdan və həyata keçirildikdən dərhal sonra olduqca əlverişli rabitə xidmətindən istifadə etmək mümkün olacaq.

Azərbaycan üçün yeni imkanlar

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Nazirliyin Şərq Tərəfdaşlığı (ŞT) Təşəbbüsü çərçivəsində artıq uzun illərdir ki, həm Şərq Tərəfdaşlığı ölkələri, həm də Avropa İttifaqı (Aİ) ölkələrinin telekommunikasiya tənzimləyiciləri ilə sıx əməkdaşlıq etdiyini deyib: “Məqsəd həm beynəlxalq, həm də regional səviyyədə telekommunikasiyanın inkişaf dinamikasından kənarda qalmamaq, telekommunikasiyanın imkanlarını, xidmətlərini əhali, biznes və hökumət strukturları üçün hər yerdə mümkün və əlçatan etməkdir. Vətəndaşlarımız gələcəkdə Gürcüstana, Ukraynaya, Belarus və Moldovaya səyahət etdikləri zaman sərfəli rouminq tariflərindən yararlana biləcəklər. Azərbaycanda fəaliyyət göstərən mobil şəbəkə operatorları ilə adlarını çəkdiyim ölkələrin mobil şəbəkə operatorları arasında beynəlxalq rouminqdə həm səs, həm SMS, həm də mobil data xidmətləri üzrə tətbiq olunacaq qiymətlərdən sonunda vətəndaşlarımız faydalanacaqlar”.

Nazir müavininin sözlərinə görə, ilk baxışda rouminq qiymətlərinin endirilməsi mobil rabitə operatorlarının gəlirləri baxımından cəlbedici görünməyə bilər, lakin daha çox istifadəçi və daha çox trafik, istər səs və ya data, yekunda Aİ-də olduğu kimi müsbət saldoya gətirib çıxaracaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top