Romada Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Romada Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Romada Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 8-də Romada Azərbaycan Xarici İşlər Nazirliyi ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, qarşı tərəfdən isə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq, onun gücləndirilməsi, həmçinin siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəfdaşlığın dərinləşdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, habelə Strateji Dialoqun və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi mövzuları da müzakirələrin diqqət mərkəzində olub.

Qarşı tərəf bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq və görüləcək işlərlə bağlı məlumatlandırılıb.

Qarşı tərəfə regional vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumat verilib. Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri, bu xüsusda İtaliya ilə əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında mədəniyyət, elm, təhsil sahələrində, xüsusilə də Bakıda İtaliya-Azərbaycan Universiteti çərçivəsində həyata keçirilən mübadilələrin, habelə beynəlxalq inkişafa yardım sahəsində potensial əməkdaşlıq imkanlarının tərəfdaşlığın şaxələndirilməsindəki əhəmiyyətini qeyd ediblər.

Səfər zamanı F.Rzayev, həmçinin İtaliyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də nüfuzlu beyin mərkəzlərində təşkil olunmuş tədbirlərdə çıxış edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top