MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

region inkişaf

Regionların sosial-iqtisadi inkişafı: kənd və qəsəbələr simasını dəyişir, daha da müasirləşir

Hər zaman müasir dövrün qlobal çağırışlarına cavab verən Azərbaycan bu gün özünün sürətli inkişaf mərhələsini yaşayır. Həyata keçirilən təkmil islahatlar, görülən tədbirlər, uğurla icra olunan dövlət proqramları bu inkişafı şərtləndirən mühüm amillər sırasındadır. Azərbaycanı dünya miqyasında sayılıb-seçilən ölkələr sırasına çıxaran uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ilə yaxın dövr ərzində bu istiqamətdə mühüm dövlət proqramları qəbul və uğurla icra edilib. Nəticədə Azərbaycanın regionları, rayon və kəndləri simasını əsaslı şəkildə dəyişib, böyük inkişaf yolu keçib.

Regionlarda yaradılan sənaye parkları yüzlərlə, minlərlə yeni iş yeri deməkdir

Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ölkə başçısı regionların inkişafını xüsusi olaraq diqqət mərkəzində saxlayır: “Bu gün bölgələrdə böyük abadlıq və quruculuq işləri görülür. Ölkəmizin bütün rayonlarına, ən ucqar kəndlərinə belə geniş, rahat yollar çəkilir, hər bir yaşayış məntəqəsi qazlaşdırılır, bir sözlə, insanların rahat yaşaması üçün lazım olan bütün addımlar atılır.”

Regionların inkişafında yeni iş yerlərinin açılmasını isə xüsusi olaraq vurğulamaq lazımdır. Aydın Hüseynovun sözlərinə görə, bu sırada sənaye parkları mühüm yer tutur: “Bu gün cənab Prezidentimizin regionlara səfərlərinə diqqət yetirsək, bir çox sənaye parkının istifadəyə verildiyinin şahidi olarıq. Konkret misallar çəkmək olar. Belə ki, Neftçala Sənaye Parkında artıq “Xəzər” adlı avtomobillər istehsal edilir. Bu ilin yanvar-sentyabr aylarına olan məlumata görə, artıq 300-ə yaxın avtomobil istehsal olunub və 200-dən çoxu satılıb. Zavodun illik istehsal gücü 10 min ədəd avtomobilə bərabərdir. Sumqayıt Kimya Sənaye Parkında da yeni müəssisələr açılır. Gələn il daha bir neçə mühüm müəssisələrin açılışı nəzərdə tutulur. Mingəçevir Sənaye Parkında isə 2 böyük iplik fabriki fəaliyyət göstərir. Burada 750 insan işlə təmin edilib. Onların çox qadınlardır. Bu fabriklərə 80 milyon dollar sərmayə qoyulub. Bu fabriklərin uğurlu fəaliyyəti ixrac imkanlarını daha da genişləndirir. Bu il həmçinin Masallı rayonunda da Sənaye Parkı açılıb. Bununla yanaşı, Hacıqabul və Sabirabad rayonlarında da sənaye məhəllələrinin yaradılması ilə bağlı mühüm işlər görülür. Təbii ki, sadaladıqlarımız sadəcə bir statistika deyil, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən mühüm işlərdir. Bu sənaye parkları yüzlərlə, minlərlə yeni iş yeri deməkdir.”

Regionların inkişafı ilə bağlı görülən işlər sırasında infrastruktur layihələri xüsusi yer tutur. Belə ki, bu ilin 9 aylıq hesabatına əsasən, 1200 kilometr yol çəkilib. Hədəf isə 2000 kilometrdir. Bu il 600 kəndin yolu abadlaşdırılır. İçməli su layihələri və meliorativ tədbirlər uğurla icra olunur. Bu il 100 min hektar torpaq su ilə təmin edilib. 270-dən artıq subartezian quyusu qazılıb. İlin sonuna kimi isə 30-u da qazılacaq.

Bu il aparılan tikinti-quraşdırma işləri nəticəsində bir çox rayon üzrə 113 yaşayış məntəqəsi qazlaşdırılıb

Son dövrlər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkəmizin yaşayış məntəqələrinə təbii qazın verilməsi, bərpası, istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, kəndlərin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində böyük  işlər görülür, 2018-ci ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev qəzetimizə açıqlamasında qeyd etdi ki, mövcud tədbirlər proqramına əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən planlaşdırılmış işlərin icrası ilə bağlı əvvəlcə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlərin üzərində quraşdırılmış və istismar müddəti başa çatmış avadanlıqların yeniləri ilə əvəz olunması, bundan sonrakı mərhələdə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, həmçinin hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması istiqamətində işlər davam etdirilir: “Ölkə ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin təbii qaz təchizatının daha da yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-noyabr ayları ərzində görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Belə ki, respublika ərazisində 2018-cı ilin yanvar-noyabr ayları ərzində 2959 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 240 kilometr qaz kəmərləri əsaslı təmir edilib, regionlar üzrə 113 qəsəbə kənd və yeni salınmış yaşayış massivlərinə təbii qazın verilməsi təmin edilib. Kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının  artmasına səbəb olub. 81107 yeni əhali abonent qeydiyyata alınıb. Beləliklə ölkə üzrə “mavi yanacaq”la təmin olunan abonentlərin sayı ümumilikdə 2173748-ə çatdırılıb.”

İbrahim Kərbalayevin sözlərinə görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir: “Əhali istehlakçılarının mənzillərində istismar olunan istismar müddəti başa çatan sayğaclar yenisi ilə əvəz edilir, yeni qaz kəmərləri çəkilir, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz olunur. İstehlakçıların təbii qaz təchizatının daha da yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən 2018-ci ilin yanvar-noyabr aylarında 2959 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin edilməsi üçün 240 kilometr qaz kəməri əsaslı təmir edilib. Bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, Bərdə, İsmayıllı, Tərtər, Göyçay, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göygöl, Goranboy, Oğuz, Gədəbəy, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lənkəran, Lerik, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 113 yaşayış məntəqəsi qazlaşdırılıb.”

Gələn ilin barama istehsalı proqnozu: 800 ton

Regionların inkişafında kənd təsərrüfatının xüsusi payı var. Çünki kənd və qəsəbələrdə əhalinin böyük əksəriyyətinin məşğuliyyəti və qazanc mənbəyi məhz bu sahə ilə bağlıdır. Bu gün dövlət də kənd təsərrüfatının inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edir. Təsadüfi deyil ki, son illər kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə bağlı uğurlu nəticələr əldə edilir. Kənd təsərrüfatının inkişafına, bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət və dəstək göstərilir. Statistik rəqəmlər də bunu təsdiq edir. Belə ki, kənd təsərrüfatı bu ilin doqquz ayında 4,3 faiz artıb.

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov “İki sahil” qəzetinə açıqlamasında baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışdı: “Ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Bu sahədə bəzi statistik məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, Azərbaycanda yaş barama ən çox (5,9 min ton) 1991-ci ildə istehsal edilib. Ölkədə ən az (236 kiloqram) yaş barama istehsalı 2015-ci ildə qeydə alınıb. 2016-cı ildən yaş barama istehsalına dövlət tərəfindən diqqət artırılıb, nəticədə 2016-cı ildə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilib. Müstəqillik tarixində ən çox yaş barama istehsalı 2018-ci ildə qeydə alınıb. Kümçülər tərəfindən “Azərİpək” MMC-yə 513,9 ton yaş barama təhvil verilib. Dövlət Proqramına əsasən, 2025-ci ilədək ölkədə yaş barama istehsalının 6000 tona çatdırılması nəzərdə tutulur. 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.”

Vüqar Hüseynovun sözlərinə görə, baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çindən ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib: “Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini həyata keçirilib. Nazirlər Kabinetinin 2015-ci il 17 aprel 112 nömrəli qərarı ilə Qax Rayon Damazlıq İpəkçilik Stansiyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında yeni yaradılmış tut ipək qurdu cins və hibridlərinin yüksək keyfıyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarınının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2000 ton yaş barama istehsalını təmin edəcək 4000 qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda 4 kq superelit və 50 kq elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır. Stansiyanın ərazisində 3 hektardan ibarət Çin texnologiyası əsasında intensiv tipli tut (çəkil) bağları salınıb. Baramaçılığın inkişafı məqsədilə ipəkqurdu və çəkil ağacları kümçülərə dövlət tərəfindən pulsuz verilir.”

Qeyd etdiyimiz faktlar, sadaladığımız rəqəmlər regionların sosial-iqtisadi inkişafının sadəcə müəyyən bir hissəsini əhatə edir. Bu istiqamətdə görülən işlər, əldə olunan uğurlar isə daha böyükdür. Təbii ki, qarşıda mühüm vəzifələr dayanır. Məqsəd isə birdir: regionların sosial-iqtisadi inkişafını ən yüksək səviyyədə təmin etmək, bununla da vətəndaşların sosial rifahını, həyat şəraitini dah da yaxşılaşdırmaq, bütövlükdə ölkəmizin işıqlı sabahını təmin etmək.

ikisahil.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top