"REGİONLARDA MAARİFLƏNDİRMƏ VƏ SORĞU” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ YEVLAXDA KEÇİRİLİB - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“REGİONLARDA MAARİFLƏNDİRMƏ VƏ SORĞU” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ YEVLAXDA KEÇİRİLİB

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. Layihənin əsas məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların maarifləndirilməsi, vətəndaşlara Səhmdar Cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasıdır.

Yevlax şəhərindəki Heydər Əliyev Sarayında keçirilən növbəti görüşdə Yevlax, Ağdaş, Goranboy, Göyçay və Ucar rayonlarından olan fermerlər iştirak edib.

Görüşdə “Aqrolizinq” ASC-nin Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi”, Kənd təsərrüfatı texnikalarının və avadanlıqların lizinqi şöbəsinin müdiri İlyas Həsənov “10 illik lizinqli satış və 40 faiz güzəşt”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti. Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması” mövzularında çıxış ediblər. İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov “Aqrolizinq” ASC və fermer arasındakı münasibətlərin elektronlaşdırılması, elektron hökümət portalında xidmətlər barədə interaktiv təqdimat edib. Sonra ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqrasiya ödəniş sistemləri barəsində məlumat verilib. Burada xüsusi olaraq, asan ödəniş sistemi ilə aparılmış inteqrasiyanın nəticəsi olaraq Cəmiyyətin xidmətlərinə görə ödənişlərin ölkə üzrə bütün E-manat və Milli-ön ödəniş terminalları vasitəsilə aparılmasının mümkünlüyü qeyd olunub.

Təqdimat zamanı, həmçinin aqrotexniki xidmətlərdən yararlanmaq üçün fermerlərin mobil tətbiq üzərindən sifarişlərin verilməsi layihəsi barəsində ətraflı məlumat verilib və layihə ilə bağlı auditoriyada sorğu aparılıb.

Tədbirdə sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları çətinliklər və onların həll yolları müzakirə edilib. Mineral gübrələrlə və pestisitlərlə, texnikalarının ehtiyat hissələri ilə təminat kimi məsələlərin həlli ilə bağlı təkliflər dinlənilib. Sonra region üzrə 20 vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib.

Qeyd edək ki, “Aqrolizinq” ASC respublikanın bütün regionlarına kənd təsərrüfatının, eləcə də pambıqçılığın inkişafı ilə bağlı yeni texnikaların bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir. Cəmiyyətin yarandığı 2005-ci ildən etibarən Yevlax, Ucar, Ağdaş, Goranboy, Göyçay rayonlarından olan 748 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 33 milyon 820 min 669 manat təşkil edən 1885 ədəd kənd təsərrüfatı texnikaları verilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top