MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

regionla konfrans

Regional Konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb

Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş Konfrans çərçivəsində İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirlərinin və Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, sahibkarlıq, ixrac və s. sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə edilib.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının mühüm rolunu qeyd edərək, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində görülən işlər, o cümlədən özəl bölməyə dəstək tədbirləri, təşviq mexanizmləri, sənaye parklarının və zonalarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, vergi və gömrük sahələrində aparılmış islahatlar, investisiyaların təşviqi mexanizmləri, ixracatçılara dəstək tədbirləri və “Made in Azərbaycan” brendinin təşviqi sahəsində dövlət başçısı tərəfindən qəbul edilmiş mühüm qərarlar özəl bölmənin inkişafında əhəmiyyətlidir.
Vergilər naziri Fazil Məmmədov vergilər sahəsində həyata keçirilən islahatlar, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Kənd Təsərrüfatı naziri Heydər Əsədov çıxışında qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri, son dövrlər Azərbaycanda aqrar sahədə həyata keçirilən institutsional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən subsidiyalar, ənənəvi sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələri, 2016-cı ildə bu sahədə həyata keçirilən islahatları və görülmüş işləri diqqətə çatdırıb. Bildirilib ki, ötən il gömrük sahəsində bir sıra normativ sənədlər qəbul olunub, “elektron bəyannamə” və “Yaşıl dəhliz” tətbiq olunur və s.
Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına təşəkkür edib, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin genişləndirilmsi, vergi və gömrük, ixraca dəstək mexanizmləri, yüngül sənaye sahəsində assosiasiyanın yaradılması, xalçaçılıq, arıçılıq və s. məsələlərə dair fikirlərini bildiriblər.
Görüşdə iş adamlarının təklifləri dinlənilib və sualları cavablandırılıb.

12
34

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top