Qazaxısan mediası Azərbaycanda parlament seçkilərini geniş işıqlandırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qazaxısan mediası Azərbaycanda parlament seçkilərini geniş işıqlandırıb

Astana, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri dost ölkələrin mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan mediası Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkiləri geniş işıqlandırıb.

“Kazinform” nəşri bildirir ki, seçkiləri ATƏT, MDB, ŞƏT və TDT kimi təşkilatların nümayəndələri də daxil olmaqla 598 beynəlxalq, həmçinin 112 749 yerli müşahidəçi izləyib. Eyni zamanda, 65 minə yaxın yerli müşahidəçi 25 siyasi partiyanı təmsil edib.

Qeyd olunur ki, parlament seçkiləri ilə bağlı “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “Tərəqqi” Sosial Araşdırmalar İctimai Birliyi və Sosioloji Araşdırmalar Mərkəzi qeydiyyatdan keçib.

“Newtimes.kz” portalı Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova istinadla yazır: “Ümumilikdə, Milli Məclisə seçkilərdə 990 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 305-i siyasi partiyalar tərəfindən irəli sürülüb, 371-i isə partiya mənsubiyyətinə baxmayaraq, seçkilərdə müstəqil namizəd kimi iştirak edib. Qalanları öz namizədliyini irəli sürən şəxslərdir”.

“İnbusiness.kz” saytındakı məqalədə qeyd edilib ki, MDB müşahidə missiyasının rəhbəri Leonid Anfimov bir sıra seçki məntəqələrinə baş çəkdikdən sonra seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bəyan edib. Portal onun sözlərini sitat gətirib: “Uzunmüddətli müşahidəçilərin məlumatlarına əsasən, habelə seçki ərəfəsində və səsvermə günü gördüklərimi nəzərə alaraq qeyd etmək istərdim ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub”.

“Baigenews.kz” internet resursu isə yazıb ki, Azərbaycanda keçirilən parlament seçkilərində hakim partiya liderlik edir. Həmçinin qeyd olunub ki, Amerikanın “Oracle Advisory Group” şirkətinin keçirdiyi “exit-poll” Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib gəldiyini göstərib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top