MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

1

Qarabağ Dirçəliş Fondu Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşüb

Qarabağ Dirçəliş Fondu (QDF) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT nümayəndələri ilə işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi və bərpa-quruculuq işlərinə həsr olunan fikir mübadiləsi  görüşü keçirib.

Tədbirdə Milli Məclisin Deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Prezident Administrasiyasının QHT-lərlə iş və Kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova və QHT-lərin digər nümayəndələri iştirak edib.

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran mühüm missiyalardan danışıb. R. Hacıyev tədbir iştirakçılarına Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdığını deyən sədr, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə edilən  ianələrin həmrəyliyin birmənalı təzahürü olduğunu qeyd edib. Rəhman Hacıyev Qarabağda bərpa işlərinin daha sürətli aparılması üçün hər kəsi bu prosesdə aktiv iştirak etməyə dəvət edib.

Görüşdə daha sonra Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Milli Məclisin Deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev,  Fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova çıxış edib.

Çıxışlar zamanı Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilmiş şəkildə geniş ictimaiyyətə çatdırılmasının, Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsinin, Qarabağın dirçəlişi uğrunda həmrəyliyin  və ianəçiliyin təbliğinin əhəmiyyətindən danışılıb.

Tədbir iştirakçıları müzakirələr zamanı işğaldan azad edilən ərazilərimizdə tezliklə yenidən məskunlaşma, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası, ümumi iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilən ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpası kimi məsələlərə xüsusi diqqət ayırıb.

Çıxışlardan sonra Fondun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Rəhman Hacıyev iştirakçıların səsləndirdiyi çoxsaylı sual və təklifləri cavablandırıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top