Pul köçürmələri və onların tənzimlənməsi – MƏQALƏ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Pul köçürmələri və onların tənzimlənməsi – MƏQALƏ

Hazırkı iqtisadi şəraitdə milli valyutanın məzənnəsinin tarazlı əsaslarda tənzimlənməsi məsələlərinin aktual olduğunu nəzərə alsaq, valyuta əməliyyatlarında mühüm paya malik olan beynəlxalq pul köçürmələrinin rasional idarə olunması problemlərinin əhəmiyyəti getdikcə artmaqdadır.

Dünya Bankının 214 ölkə üzrə apardığı təhlilə[1] əsasən, 2014-cü ildə pul köçürmələri ilə daxil olan vəsaitlərin ümumi həcmi 601 mlrd. ABŞ dolları, 2010-cu il üzrə isə 463 mlrd. ABŞ dolları təşkil etmişdir.

2015-ci il üzrə Azərbaycana Respublikasına daxil olan pul köçürmələrinin ümumi məbləği 1.3 mlrd. manat, ölkədən xaricə pul köçürmələrinin ümumi məbləği isə 801 mln. manat təşkil etmişdir. Cari ilin 9 ayı ərzində bu göstəricilər müvafiq olaraq 1036 mln. manat və 464 mln. manat təşkil etmişdir.

Bu göstəricilərdən göründüyü kimi pul köçürmələri ölkələr arasında valyuta vəsaitlərinin axınında mühüm kanallardan biridir.

Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ına əsasən, pul köçürmələri ödəyici və/və ya vəsait alanın adına bank hesabı açılmadan nağd pulun vəsait alanın xeyrinə köçürülməsi əməliyyatıdır.

Ümumiyyətlə, pul köçürmələri ənənəvi qaydada ödəyici və vəsait alan arasında bank hesabları üzərindən aparılan nağdsız hesablaşmalardan fərqlənir. Belə ki, pul köçürmələri ödəyici və vəsait alanın bank hesabı olmadan və ya tərəflərdən hər hansı birinin bank hesabı olmaqla həyata keçirilir. Ölkəmizdə pul köçürmələri banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır.

Hazırda rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasının kredit təşkilatları vasitəsilə aparılan valyuta əməliyyatlarının rejimi “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar”a uyğun olaraq tənzimlənir. Bu qaydalara əsasən, Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin müvəkkil banklardakı xarici valyuta hesablarına vəsaitlər sərbəst şəkildə mədaxil edilə bilər. Ölkəmizdə rеzidеnt və qeyri-rezident fiziki şəxslər 1000 (bir min) АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə хаrici vаlyutа vəsаitlərini hеsаb аçmаdаn müvəkkil bаnklаr vаsitəsilə xaricə köçürə bilər. Müəyyən оlunmuş limit çərçivəsində hər bir rеzidеnt və qeyri-rezident fiziki şəxs tərəfindən bir əməliyyаt günü ərzində bir bеlə köçürmə icrа еdilə bilər.

Müvəkkil banklar və onların əməkdaşlıq etdiyi pul köçürmə sistemləri valyuta rejiminin bu tələblərinə uyğun olaraq eyni bir fiziki şəxs tərəfindən gün ərzində aparılan əməliyyatlara müvafiq limitlər müəyyən edirlər. Lakin qeyd olunmalıdır ki, fiziki şəxslər tərəfindən bir əməliyyat günü ərzində müxtəlif banklar vasitəsilə fərqli pul köçürmə sistemləri üzərindən əməliyyatlar aparıldıqda müəyyən edilmiş limitlərin gözlənilməsi qeyri-mümkün olur.

Beynəlxalq təcrübədə pul köçürmələri Avropa Birliyi daxilində “Daxili bazarda ödəniş xidmətləri haqqında” 13 noyabr 2007-ci il tarixli 2007/64/EC saylı Direktivlə ödəniş xidməti olaraq klassifikasiya olunmuşdur. Bu Direktiv əsasında ödəniş xidmətləri üzrə vahid siyasət formalaşdırılaraq ümumi standartlar tətbiq edilmiş, həmçinin bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən pul köçürmələrinin həyata keçirilməsinin hüquqi əsası müəyyən edilmişdir.

Direktivdə ödəniş xidmətlərinin, o cümlədən pul köçürmələrinin həyata keçirilməsi, bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması, vətəndaşların pul vəsaitlərinin təhlükəsizliyi, habelə ödəniş əməliyyatlarının icrası və bu əməliyyatlar üzrə tərəflərin hüquq və vəzifələrinə dair tələblər müəyyən edilmişdir. Bu tələblərə bank olmayan ödəniş xidməti təchizatçılarının öz vəsaitləri və ilkin nizamnamə kapitalının həcmi, bu təşkilatlarda yerində yoxlamaların aparılması, iştirakçı tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi, ödəniş əməliyyatları üzrə məlumatlandırma prinsipləri, xidmət haqlarının tətbiqi və digərləri aiddir.

Pul köçürmələrinin əvvəllər yalnız kommersiya bankları tərəfindən həyata keçirildiyi Malayziyada maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və pul köçürmələrinin daha əlçatan olması üçün sözdügedən ölkənin mərkəzi bankı 2011-ci ildə “Pul xidmətləri biznesi” Aktını qəbul etmişdir. Akta əsasən, pul köçürmələri, valyuta mübadiləsi və xarici valyutanın alqı-satqısı ümumi olaraq pul xidmətləri biznesi kimi qəbul edilmişdir. Bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən bu xidmətlərin göstərilməsinin hüquqi əsasları, onların fəaliyyətinin lisenziyalaşdırılması, yerində yoxlamaların aparılması və digər tələblər bu aktla tənzimlənir.

Avropa təcrübəsində olduğu kimi pul köçürmələrinin həyata keçirilməsi üzrə Malayziya Mərkəzi Bankını əvvəlcədən məlumatlandırmaqla agentlərin cəlb edilməsi imkanı da yaradılmışdır. Aparılan bu islahatlar nəticəsində 2015-ci ildə pul köçürmələrinin həcmi 2011-ci illə müqayisədə 2.2 dəfə artaraq 8.6 mlrd. ABŞ dollarına bərabər olmuşdur.

Ölkəyə daxil olan pul köçürmələrinin həcminə görə dünya üzrə aparıcı ölkələrdən olan Meksikada 2008-ci ildə bank qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, banklar pul köçürmələrini agentlər vasitəsilə həyata keçirə bilər.

Qeyd olunmalıdır ki, təhlil olunan region və ölkələrdə banklar agentlərin fəaliyyətinə görə tam məsuliyyət daşıyırlar.

Beynəlxalq təcrübədə pul köçürmələri üzrə tələblərin bu cür müəyyən edilməsi pul köçürmə sistemlərinin fəaliyyətinin birbaşa tənzimlənməsini və nəzarət siyasətinin daha effektiv formada həyata keçirilməsini, habelə pul köçürmələrində tətbiq edilən limitlərin pozulması hallarının minimuma endirilməsini təmin edir.

Aparılan təhlillərə əsasən, ölkəmizdə pul köçürmələrinə nəzarətin qabaqcıl beynəlxalq təcrübə əsasında qurulması, yarana biləcək risklərin səviyyəsinin aşağı salınması, habelə maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə əsas prioritet istiqamət olaraq ödəniş xidmətləri sahəsində yeni qanunvericilik bazası formalaşdırılmalıdır. Eyni zamanda, ödəniş xidmətlərinin təhlükəsiz və effektiv formada göstərilməsi, bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblər də müəyyən olunmalıdır. Bu isə ölkəmizdə pul köçürmə sistemlərinin bank olmayan ödəniş xidməti təchizatçısı olaraq lisenziyalaşdırılmasına və onların fəaliyyətinə birbaşa nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir.

Nəzarət siyasətinin aspektlərinin, o cümlədən yerində yoxlamanın prinsiplərinin, hesabatlılıq prosedurunun, auditin aparılması əsaslarının, prudensial və digər tələblərin dəqiq müəyyən edilməsi beynəlxalq pul köçürmələri üzrə xarici valyuta axınının daha çevik və effektiv formada tənzimlənməsini təmin edəcəkdir. Bu eyni zamanda, pul köçürmələrində tətbiq olunan limitlərlə bağlı mövcud problemin həll edilməsinə, bu sahədə nəzarət siyasətinin beynəlxalq təcrübə əsasında formalaşdırılmasına, habelə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində mübarizə tədbirlərinin daha da gücləndirilməsinə imkan verəcəkdir.

[1] Dünya Bankı Qrupu “Miqrasiya və Pul köçürmələri üzrə məlumat kitabçası 2016” 3-cü nəşr

photo-1 Tamerlan RÜSTƏMOV

Mərkəzi Bankın Milli Ödəniş Sisteminin inkişafı şöbəsinin böyük mütəxəssisi

Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvü

BBN.AZ

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top