Prezident Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Prezident Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

Dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

Salam, xahiş edirəm, görüşümüzün əvvəlində Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, görürəm ki, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar.

Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və artıq bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə 7200 avtomobil verilib.

Mən bu rəqəmləri səsləndirməklə bir daha göstərmək istəyirəm ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır.

Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik. İndi hər kəs, bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu, artıq sübut olunub. Uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir, yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir.

Bu, bir daha onu göstərir ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir. İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiidir. Çünki özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonunun keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək.

Bildiyiniz kimi, son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özününməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir.

Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.

İndi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bax, bunu biz edirik. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.

Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi.

Mən şəhid ailələri ilə son illər, yəni bütün bu 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də təbii ki, onların məişət problemlərini həll edim. Eyni zamanda, bilirdim ki, onlar üçün bütün bu məişət problemlərindən daha vacib məsələ onların övladlarının qisasının alınmasıdır. Mən bunu çox yaxşı başa düşürdüm və biz hamımız onların qisasını almaq istəyirdik və almalı idik. Deyirdim ki, onların qanı yerdə qalmayacaq və bu gün gəldi. Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir – həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər.

İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirildi və onu da deməliyəm ki, mən bir neçə dəfə bu məsələyə toxunmuşam, bir də demək istəyirəm. Çünki müharibə dövründə apardığımız əməliyyatların hamısı haqqında danışmaq hələ tezdir. Ancaq ən vacib göstərişlərimdən biri də o idi ki, əməliyyatlar planlaşdırılarkən və həyata keçirilərkən biz qarşımıza qoyduğumuz hədəfə minimum itkilərlə çataq. Hesab edirəm ki, buna nail olmuşuq.

Bəli, biz üç minə yaxın şəhid vermişik. Onların hər birinin həyatı çox qiymətlidir. Ancaq onu da bilməliyik ki, apardığımız müharibədə itkilərimiz daha da çox ola bilərdi. Çünki, birincisi əks-hücum əməliyyatı keçirən tərəf adətən, bir qayda olaraq, daha çox itki verir – müdafiə olunan tərəfdən ən yaxşı halda üç-dörd dəfə çox. Bunu hərbçilər daha yaxşı bilirlər. Digər tərəfdən, azad edilmiş torpaqların relyefi bizim üçün çox əlverişsiz idi. Qarşı tərəf üçün əlverişli idi. Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi.

Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, bizim videotəqdimatlarımız göstərir, ermənilərin məhv edilmiş, qənimət kimi götürülmüş hərbi texnikası göstərir. Biz 336 düşmən tankını ya məhv etmişik, ya da qənimət kimi götürmüşük. İndi saysınlar, hesablasınlar, bir tankda neçə nəfər oturur. Biz yüzlərlə zirehli texnikanı, yüzlərlə hava hücumuna qarşı müdafiə sistemlərini məhv etmişik. Böyük sayda artilleriya qurğularını məhv etmişik. Hər bir artilleriya qurğusu yanında ən azı 3-4 nəfər olur. Əgər təkcə bunları hesablasaq, real mənzərə üzə çıxır. Ona görə hesab edək ki, onların itkisi 7-8 mindən də çoxdur. Bu, nəyi göstərir? Bizim hərbçilərimizin qəhrəmanlığını, peşəkarlığını göstərir. Planlaşdırılan əməliyyatların düzgünlüyünü göstərir. Bir daha demək istəyirəm, hər bir əməliyyatı planlaşdırarkən deyirdim ki, itkilər minimum olsun.

Bəzən buna görə biz bəzi əməliyyatları təxirə salırdıq, bəzi əməliyyatları bir qədər sonra keçirirdik. Çünki görürdük, itkilər çox ola bilər. Əlbəttə, 10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq. Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq. Çünki mən müharibə dövründə dəfələrlə demişəm ki, biz dayanmağa hazırıq. Müharibənin ilk günlərində demişəm, qoy, Ermənistan rəhbəri bizə tarix versin, onlar bizim torpaqlarımızdan nə vaxt çıxırlar, biz müharibəni dayandırmağa hazırıq. Biz müharibə istəmirik. Ancaq onlar bizə o vaxt tarix verdilər ki, artıq biz Şuşanı geri götürdük və 300-dən çox yaşayış məntəqəsini azad etdik. Amma əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, biz dayanmayacaqdıq. Bizim növbəti əməliyyat istiqamətləri bəlli idi. Ancaq itkilər çox olacaqdı: həm Ağdamda, həm də Kəlbəcər və Laçında. Çünki onlar Ağdamı elə bir istehkama çevirmişdilər ki, şərq tərəfdən ora girmək çox böyük təhlükə idi. Əlbəttə, Şuşa götürüləndən sonra, Hadrut, Füzuli bizim əlimizdə olandan sonra təbii ki, Ağdamda erməni hərbi qruplaşması mühasirəyə düşəcək və məhv olacaqdı. Amma biz də itkilər verəcəkdik. Kəlbəcər və Laçın rayonlarının təbii relyefi, iqlimi, hava şəraiti bizim işimizi çox çətinləşdirə bilərdi, xüsusilə nəzərə alsaq ki, qış gəlirdi. Qış orada çox sərt keçir. Dağlarda qar heç ərimir. Deyə bilərəm ki, biz o istiqamətdə Azərbaycan-Ermənistan sərhədinə ancaq may ayında çıxa bilmişik. Çünki yol yoxdur, necə deyərlər, heç cığır belə yoxdur. O bölgələrdə sovet dövründə yaşayış məntəqələri olmayıb. Biz oraya ancaq qar əriyəndən sonra çıxa bilmişik. Ona görə bizim müharibə dövründə apardığımız işlər tam dəqiqliyi ilə aparılmışdır. Hədəfə hesablanmış addımlar idi – vaxtında hər şeyi etdik, vaxtında dayandıq. Ərazi bütövlüyümüzü bərpa etdik və minimum itkilər verdik.

Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir. Biz bunu həm mətbuatda izləyirik, eyni zamanda, bizə bir çox yerlərdən müraciətlər daxil olur, bizim təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi – bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Onu da bildirməliyəm ki, müharibə dövründə bir dənə də fərari olmamışdır. Amma Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Onların yarısı ölkədən qaçmışdır, yarısına qarşı da cinayət işi açılmışdır. Amma sonra Ermənistan rəhbərliyi götür-qoy elədi, dedi ki, bu on min nəfəri burada necə həbs edə bilərlər. Ona görə onları əfv etdi. On mindən çox fərari olmuşdur. O məşhur kadrların hamısı həqiqətdir ki, səngərlərdə Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax, budur bizim nailiyyətimiz. Amma bizdə bir nəfər də olsun, döyüş meydanından qaçmadı, əksinə, hospitallarda yaralı vəziyyətdə olanlar da həkimlərinə deyirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdırıq. Bəli, bir çoxları da qayıdıb və həlak olub.

İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. İyunun 26-da Silahlı Qüvvələr Günündə mən öz açıqlamalarımda bunu demişəm. Biz ordumuzla bağlı yeni planları həyata keçiririk. Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir – 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.

İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə.

Bu gün bir məsələyə də toxunmaq istəyirəm. Mən bunu artıq bir neçə dəfə səsləndirmişəm. Hesab edirəm ki, sizin qarşınızda buna da aydınlıq gətirməliyəm. Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar.

Mən sizi bir daha bu mərasimdə görməyimdən məmnun olduğumu ifadə edirəm. Bir daha sizi yeni mənzillərlə, fərdi evlərlə təbrik edirəm. Siz öz yaxınlarınızla, övladlarınızla haqlı olaraq fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı fəxr edir və bilin ki, onların əziz xatirəsi daim bizim qəlbimizdə yaşayacaqdır.

Sağ olun.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top