Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Bakı, 17 iyul, AZƏRTAC

Vətən müharibəsindən dörd ildən çox müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsi imzalamaq istəmir. Son bir ildə bu sahədə müəyyən irəliləyişlər baş versə də, ortada ciddi nəticə yoxdur. Əksinə, biz 44 günlük Vətən müharibəsindən sonra qonşu ölkənin sürətlə silahlandığını, hərbi potensialını genişləndirməyə çalışdığını görürük. Fransa, Hindistan və digər ölkələrdən xeyli miqdarda silah-sursat alan Ermənistan xarici ölkələrin hərbi təlimatçıları hesabına ordusunu yenidən formalaşdırmağa çalışır. Belə bir dönəmdə Ermənistan ilə hansısa dövlətin birgə hərbi təlim keçirməsi xoş mərama xidmət etmir. Hazırkı situasiyada bu cür təlimlər Ermənistanın siyasi-psixoloji baxımdan sülh prosesindən uzaqlaşmasına xidmət edir.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında bildirib.

Polkovnik qeyd edib ki, sülh üçün cəhd göstərməyən Ermənistanda kənar qüvvələrin iştirakı ilə hansısa hərbi təlimin keçirilməsi onların xoş məqsəddən və məramdan uzaq olduğunu göstərir. ABŞ-la Ermənistan arasında keçirilən və hələ də davam edən təlimlər regiondakı sülh prosesinə yaxşı heç nə vəd etmir: “Ümumiyyətlə, sülhdən danışan Ermənistanın kənar güclərlə birgə hərbi təlimlərə böyük maraq göstərməsi rəsmi İrəvanın xoş olmayan niyyətindən xəbər verir. Bu fakt bir daha göstərir ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsi hələ də davam edir və bəzi qüvvələr 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan status-kvonun yenidən dəyişə biləcəyinə ümid edir. Lakin bu ümidlər xam xəyaldan başqa bir şey deyil. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə yeni reallıq yaradıb və heç bir qüvvə onu dəyişə bilməz”.

Militarizm siyasətinin və revanşist düşüncə tərzinin Ermənistana fəlakətdən başqa heç nə vəd etmədiyini vurğulayan polkovnik deyib: “Yaxşı olar ki, rəsmi İrəvan avantürüst xəyallardan əl çəkərək Azərbaycanın sülh səylərini dəstəkləsin. Yalnız bu addım Ermənistanı yeni məğlubiyyətlər, iqtisadi kataklizm və sosial böhrandan xilas edə bilər”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top